Dünən Sankt-Peterburqda Avrasiya İqtisadi Ali Şurasının sessiyasında iştirak edən Ermənistan Baş naziri Nikol Paşinyan bu gün MDB-nin qeyri-rəsmi sammitində iştirak edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu uzun fasilədən sonra Paşinyan-Putin arasında danışıqlar üçün yaxşı fürsət adlandırıb.
"Vətən səsi" xəbər verir ki, Paşinyanın Rusiyaya səfəri və region ölkələrin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirlərə qatılması Ermənistan cəmiyyətində də birmənaklı qarşılanmayıb. Onun son aylar Putinin patronajlığı altında keçirilən görüşlərdən qaçması və Qərbə meyllənməsi fonunda yenidən Rusiyaya üz tutması sərt tənqid olunur. Ermənistanın "Joğovurd" qəzeti Paşinyanın səfəri barədə bir sıra diqqətəlayiq detallar açıqlayıb. Nəşr yazır ki, Moskva Paşinyanın Rusiyaya səfərini xüsusilə gözləyirdi. Çünki İkinci Qarabağ müharibəsindən və sonra Ermənistanın ABŞ və Avropa İttifaqı ilə sıx münasibətlər qurması, əvəzində isə Rusiyadan uzaqlaşmaq cəhdləri, xüsusilə KTMT çərçivəsində əməkdaşlığın faktiki olaraq dayandırılması Moskvanı ciddi narahat edir: "Baş verənləri nəzərə alsaq, Moskvanın Paşinyana çoxlu sualları var, Rusiya prezidenti həmin suallara cavab istəməlidir. Putin Paşinyandan bu məsələlərə şəxsən aydınlıq gətirilməsini tələb edəcək. Rusiya hakimiyyəti bu dəfə çox ciddidir və Paşinyandan həddindən artıq gərgin vəziyyətdə olan Rusiya-Ermənistan əməkdaşlığı və münasibətləri ilə bağlı aydın və konkret cavablar verməsini tələb edəcək.
Qəzet paşinyan komandasının Rusiyanın vasitəçiliyi ilə təşkil edilən bütün görüşlərdən uzun müddət yayındığına diqqət çəkərək baş verənlərə məhz Ermənistandakı mövcud hakimiyyətin maraqları prizmasından yanaşır. Rusiya ilə münasibətlərin pozulması Ermənistanın maraqlarına cavab vermir. Çünki Ermənistanın bütün resursları bölgəyə bağlıdır, xüsusilə də Rusiya ilə iqtisadi ticarət İrəvan üçün əvəzsizdir. Lakin Paşinyan hökuməti uzun müddət buna önəm verməyib. İndi isə Paşinyan aldandığını başa düşüb, yanlış yolla getdiyini anlayıb və deyəsən, əvvəlki yola qayıdır. Rusiya ilə münasibətləri pozmaq doğrudan da Ermənistanın ziyanınadır, Paşinyan fikrindən peşman olub və münasibətləri bərpa etmək qərarına gəlib".
Erməni mətbuatı yazır ki, Baş nazirinin Sankt-Peterburqa səfərinin Ermənistan üçün nə dərəcdə faydalı olduğu yaxın günlərdə məlum olacaq. Qeyd edilir ki, nə Ermənistan ictimaiyyəti, nə də Rusiyanın rəsmi dairələri Paşinyanın öz qərarında qəti olub-olmadığını əmin deyil: "Çünki eyni münasibət ABŞ və Avropa ilə əməkdaşlıqda qalır. Amma Paşinyan Moskvadan fərqli olaraq Qərbə daha çox inanır. Ona görə də bu səfər çərçivəsində keçirilən görüşlərın, aparılan danışıqların gerçək nəticələri Paşinyanın Rusiyaya səfərinin başa çatmasından bir neçə gün sonra ortaya çıxacaq".
Elxan SALAHOV