03.06.2024, 20:19
AZ EN
19.12.2023, 11:08 265

Qərb Ermənistanın gözləntilərini doğrultmadı: Paşinyan Rusiyaya gedəsi oldu

XƏBƏRLƏR

Son aylar Rusiyanın patronajlığı ilə keçirilən regional əhəmiyyətli tədbirləri faktiki olaraq boykot edən Ermənistanın hökuməti nəhayət, əvvəlki mövqeyinə qayıtmağa qərar verib. Baş naziri Nikol Paşinyan dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının və MDB rəhbərləri Şurasının iclasına qatılacaq.

 

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Hraparak” nəşri Ermənistandakı hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbələrinə istinadən yazır ki, Paşinyanın Sankt-Peterburqda keçiriləcək iki günlük iclasda iştirak edəcəyi təsdiqlənib. Bildirilir ki, partiyanın şənbə günü Gümrüdə keçirilən toplantısında Nikol Paşinyan Qərblə əməkdaşlığın davam etdiriləcəyini söyləyib. Bununla belə, Rusiya ilə münasibətləri də əvvəlki axarına qaytarmaq istiqamətində addımlar atmağın vacib olduğunu bildirərək 25-26 dekabr tarixlərində Avrasiya İqtisadi İttifaqının və MDB rəhbərləri Şurasının iclasında iştirak etmək üçün Rusiyaya səfərə hazırlaşdığını gizlətməyib.

Qəzet yazır ki, Ermənistan hökumətinin Gümrüdəki iclasında xarici işlər naziri Ararat Mirzoyan həm Qərblə, həm də Rusiya ilə paralel əməkdaşlığın rəsmi İrəvanın maraqlarına uyğun olduğunu söyləyib. O, hətta Ermənistanın ABŞ və Avropa ölkələri ilə birqütblü əməkdaşlığa can atmasının risklər yaratdığını diqqətə çatdırıb: "Biz beynəlxalq və regional səviyyəli əlaqələrimizdə ehtiyatlı olmalıyıq. Çünki Qərb Avropaya inteqrasiya yolunda uğurla irəliləyən Ermənistana lazım olan siyasi dəstəyi verir. Ancaq bu, çox uzun yoldur və biz təkcə siyasi yox, iqtisadi amilləri, regiondakı dost ölkələrlə münasibətləri də nəzərə almalıyıq. Bəzən Qərb bizim Avropaya inteqrasiya yolunda atdığımız addımları ya düzgün dəyərləndirmir, ya da lazımi addımlar vaxtında atılmır. Belə olan halda  dayanıqlı sabitlik və inkişafla bağlı strateji hədəflərə nail olmaq çətinliklər yaradır və bu, müəyyən risklərə yol açır. Ona görə də Avropa ilə yanaşı Rusiya ilə də strateji tərəfdaş olaraq əməkdaşlığı gücləndirmək faydalıdır".

Xatırladaq ki, rəsmi İrəvan Rusiya platformalarını boykot edir, nə Ermənistanın xarici işlər naziri, nə parlamentin sədri, nə də Baş nazir  Rusiyanın himayəsi altında keçirilən siyasi toplantılarda iştirak edir. Paşinyanın komandası  KTMT-nin bu gün Moskvada keçirilən iclasını da boykot edib. Səbəb kimi İrəvanın KTMT-dən narazı olduğu bildirilir və qeyd olunur ki, İrəvan Moskva ilə yalnız iqtisadi əlaqələri qoruyub saxlamağa çalışır. Elə buna görə də MDB ölkələri hökumət başçılarının dünən Moskvada keçirilən iclasında Ermənistan baş nazirin müavini səviyyəsində iştirak edib. KTMT Parlament Assambleyasının növbəti sessiyasına isə nə parlament sədri, nə də hər hansı nümayəndə heyəti qatılmayacaq.

Bununla belə, xarici işlər naziri Ararat Mirzoyanın hökumətin Gümrüdəki iclasında səsləndirdiyi fikirlərdən belə məlum olur ki, Qərblə sıx əməkdaşlıq Ermənistanın gözləntilərini doğrultmayıb. Buna görə də Paşinyan hökuməti Qərbin, xüsusilə də Fransanın şirnikləndirici vədlərinə uyaraq yanlış siyasət yürütdüyünü anlayaraq yenidən Rusiyanın himayəsinə sığınmağa qərar verib.

Elxan SALAHOV

Oxşar xəbərlər