Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
"Ermənistan yenə də ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etdi və daim ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanın diplomatik gücünün bir daha şahidinə çevrildi. Onu da qeyd edək ki, bu, Fransa və Ermənistanın növbəti iflasıdır.
Belə ki, ötən ilin dekabrında da sözügedən məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılmasına cəhd göstərilsə də, nəticəsiz qalmışdı. Təbii ki, Ermənistanının bu əsassız təbliğatları, yalanları, beynəlxalq ictimaiyyətin diqqətini məsələnin əsl mahiyyətindən yayındırmaq cəhdləri bizə 30 illik işğal dövrünün reallıqlarını yada salmağa çağırış edir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıq yaratsa da keçmişdə yaşananlar, eyni zamanda, dünyada ədalət və beynəlxalq hüquq prinsiplərinin hansı şəkildə tətbiq edildiyi və qorunduğu unudulmur.
İşğalçını adı ilə çağırmağın bəzi güclər üçün nə qədər “çətin” olmasına baxmayaraq, Ermənistana hərtərəfli dəstək belə qənaət yaradırdı ki, sanki təcavüzkarı müdafiə etmək beynəlxalq hüququn prinsipidir. Amma Azərbaycan keçmişdə qalan Qarabağ münaqişəsinin həllində vacib amillərdən bəhs edərkən beynəlxalq dəstəyi önə çəksə də bununla kifayətlənmədi, əksinə daxildə daha da möhkəmləndi və tarixi ədaləti öz gücünə bərpa etdi", - o qeyd edib.
Vüqar Rəhimzadə diqqəti Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-də aparılan müzakirələrlə bağlı bəyanatına yönəldərək vurğulayıb ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu:
"Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. Bəyanatda, həmçinin bildirilir ki, Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülhün və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır.
Bir daha təsdiq edildi ki, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edildi və Ağdam yolunun açılması vacib sayıldı. Ən əsası Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktı qəbul edildi. Sual olunur: Ermənistan bundan sonra sülhdən necə danışacaq? Azərbaycanın irəli sürdüyü sülh təklifi beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edir ki, onların sırasında ərazi bütövlüyünün tanınması əsas şərtlərdəndir. Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə bu prinsipləri dəstəkləsə də Azərbaycan bunun sənəddə qeyd edilməsinə çağırış edir".
YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, mayası yalan, hiylə və xəyanətlə yoğrulan ermənilər beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün total böhtan və feyklərdən istifadə etsələr də, nəticədə yalanın həqiqət üzərində qələbsinin mümkünsüzlüyünün şahidinə çevrilirlər:
"BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Ermənistan diplomatiyasının tam iflasıdır. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri növbəti dəfə nəticəsiz qaldı. Qısa desək, toplaşdılar, söhbətləşdilər və dağılışdılar. Yaşanan bu mənzərə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsində bütün çıxışlarında, xalqa müraciətlərində hər kəsin səbirsizliklə gözlədiyi bu ifadəni bir daha yada saldı: nə oldu, Paşinyan? Ermənistan və ona havadarlıq edən dövlətlər artıq bu reallığı qəbul etmək məcburiyyətindədirlər ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar Birinci Qarabağ müharibəsi dövründə qaldı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyil.
Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, ölkəmizin əleyhinə təbliğat aparan bəzi dünya güclərinin də bu gün Qarabağın Azərbaycana məxsus olduğunu söyləmələri Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənərək imza atdığı tarixi Zəfərinin təqdimatıdır. Azərbaycan Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və onun havadarlarına sübut etdi. Ermənilərin feyk xəbərləri tarixi Zəfərimizlə fiaskoya uğradı.
Lakin postmünaqişə dövründə Ermənistanın və onu dəstəkləyənlərin etdikləri cəhdlərin kökündə sülh müqaviləsinin imzalanması prosesini uzatmaq, müxtəlif bəhanələrlə bu vacib addımı atmaqdan yayınmaq durur. BMT Təhlükəsizlik Şurasına edilən müraciət və qurumun bu məsələ ətrafında apardığı müzakirələr də bu siyasətin tərkib hissəsidir. Müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə sona çatsa da bu mühüm məqamı qeyd etməliyik ki, dünyada sülhün və təhlükəsizliyin təminatında əhəmiyyətli rola malik olan bir qurum sözsüz ki, belə müzakirələrdən əvvəl araşdırmalara, gündəmə gətirilən məsələnin nə dərəcədə reallığı özündə əks etdirməsinə xüsusi diqqət yetirməlidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni təkbaşına icra edən Azərbaycan hər addımında ədalətə və beynəlxalq hüquqa söykəndiyini nümayiş etdirir".
Vüqar Rəhimzadə Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin iclasdakı çıxışına diqqəti yönəldərək bildirib ki, qeyd edildiyi kimi, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır:
"Hadisələrin gedişi bir daha sübut edir ki, Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırmağa çalışır. Müzakirələrdə bir daha bu reallıq diqqətə çatdırıldı ki, “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu, olduğu kimi qalır.
Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Belə bir əminlik də ifadə edildi ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək. Beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir". (Trend)