30.04.2025, 07:05
AZ EN
15.12.2023, 13:15 415

Ermənistanla sülh danışıqları Türkiyənin iştirakı ilə Qərb platformasında

XƏBƏRLƏR

"Bakı və İrəvan ikitərəfli formatda razılaşma əldə etsə də, Qərb prosesin Vaşinqton və Brüssel masasında davam etdirilməsi istəyindən əl çəkməyib. Ermənistan da sülh müzakirələrinin üçüncü tərəflərin – ABŞ və Avropa İttifaqının iştirakı ilə aparılmasını istəyir".

"Vətən səsi" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı ABŞ prezidenti Baydenin Türkiyə lideri Ərdoğanla telefon danışığını və Dövlət Departamentinin sözçüsü Metyu Millerin dünən keçirilən brifinqdəki açıqlamasını şərh edərkən bildirib.

Xatırladaq ki, Metyu Miller dünənki açıqlamasında Türkiyənin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında rolunu məhsuldar adlandırıb. O, Ankaranın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşdirilməsi iqtiqamətində atdığı addımların Vaşinqton tərəfindən alqışlandığını deyib.

Asif Nərimanlı ABŞ-ın bu mövqeyinin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına müsbət təsir edə biləcyini düşünür. Onun fikrincə, Türkiyənin regional siyasətdə rolunun qiymətləndirilməsi bu kontekstdə yeni reallıqdır: "Amma Bakının Qərb platformasında əldə edə biləcəyi heç nə qalmayıb. Üstəlo son proseslər onu göstərir ki, Vaşinqtonun istəkləri daha çox Ermənistanın maraqlarına uyğundur. Yəni, Qərb platformasında Ermənistanın istəklərinə uyğun gündəlik, xüsusilə kommunikasiyanın açılması ilə bağlı məsələdə İrəvanın mövqeyi müdafiə olunur. Bu səbəbdən də vaxtilə sülh danışıqlarının ABŞ və Avropa İttifaqı ilə bir masada müzakirəsinə önəm verən Azərbaycan üçün indiki  şərtlər sərfəli deyil: "Azərbaycan ikitərəfli formatdan yanadır, lakin onu da anlayır ki, münasibətlər baxımından Qərb platformasından imtina uzun müddət davam edə bilməz. Məhz buna görə Türkiyənin də masada iştirakını irəli sürür. Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşdə bunu açıqladı. Azərbaycan Qranada görüşündən Türkiyənin iştirakının qəbul edilməməsinə görə imtina etmişdi. Artıq Qərb Bakının tələbindən xəbərdardır. Mümkündür ki, Qərb platformasında danışıqların aparılması zərurəti güclənəcəksə, Bakı Vaşinqtonda danışıqların Azərbaycan-Türkiyə-ABŞ-Ermənistan, Avropada isə müzakirələrin Azərbaycan-Türkiyə-Avropa İttifaqı-Ermənistan formatında keçirilməsi şərti irəli sürə bilər. Hətta Fransanın da bu platformaya qoşulması mümkündür".

Asif Nərimanlı hesab edir ki, Zəngəzur dəhlizi və sərhədlərin müəyyən edilməsi, eləcə də Türkiyənin özünün Ermanistanla münasibətlərinin normallaşdırılması baxımından sülh danışıqlarının Ankaranın iştirakı ilə Qərb platformasında davam etdirilməsi daha real görünür. Onun fikrincə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri və Bakıda verdiyi açıqlamalar da bu ehtimalı əhəmiyyətli dərəcədə gücləndirir.

Elxan SALAHOV

Oxşar xəbərlər