Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputat əsirlikdə olan hərbi qulluqçular - Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanda ağır işgəncələrə məruz qaldıqlarını bildirib. O qeyd edib ki, bu davranış Ermənistanın bütün humanitar norma və prinsipləri kobud şəkildə pozduğunu bir daha təsdiqləmişdi. Azərbaycan tərəfi isə saxlanılan ermənilərlə davranışda hər zaman humanist yanaşma ilə nümunə sərgiləyib. 32 nəfərin Ermənistana təhvil verilməsi qarşı tərəf üçün ən böyük güzəştdir.
“İndi beynəlxalq ictimaiyyət əsirlərin qarşılıqlı mübadiləsini Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması kimi dəyərləndirir. Amma təbii ki, növbəti mərhələdə Ermənistan humanitar addımların miqyasını daha da genişləndirməlidir. Biz mina xəritələrinin təhvil verilməsini, eləcə də birinci Qarabağ müharibəsindən ötən müddətdə 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsini gözləyirik. Tərəflər arasında əlavə etimad tədbirləri gözləyən beynəlxalq təşkilatlar və ya vasitəçilər Ermənistana təsir etməlidir”, - deyə deputat diqqətə çatdırıb.
Könül Nurullayevanın sözlərinə görə, əgər beynəlxalq ictimaiyyət doğrudan da sülhün təmin olunmasında maraqlıdırsa, prosesə müdaxilə etməsin. Müdaxilə olacaqsa, bu, yalnız və yalnız Ermənistana təzyiq ola bilər. Yalnız bu halda effektiv nəticədən danışmaq mümkün olacaq. (AZƏRTAC)