19.10.2024, 13:40
AZ EN
13.12.2023, 21:38 237

Təxribatların qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi olduqca vacibdir

XƏBƏRLƏR
  • Regional strategiyanı müəyyən edən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın bölgədəki xarici siyasət kursu, yeni dünya düzəni və bir çox vacib məsələlərlə bağlı mühüm mesajlar verdi. Dövlətimizin başçısının bu mesajları ölkəmizin konkret mövqeyi baxımından növbəti qətiyyət nümayişi idi. Forumdan bir gün sonra isə ölkəmizdə növbədənkənar prezident seçkisi elan edildi. Bu seçki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Belə ki, 44 günlük Vətən müharibəsi və bu il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi bu gün nəinki regionda, eləcə də bütün dünyada böyük nüfuz sahibidir. Həmçinin ölkəmiz beynəlxalq təşkilatlara sədrlik edir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyevin adı bu gün dünyanın nüfuzlu liderləri ilə birgə çəkilir. Bu qürurverici olmaqla bərabər, ölkəmizin dünyadakı nüfuzunu və rolunu daha da artırır. Dövlətimizin başçısı indiyədək bütün vədlərinə əməl edərək, verdiyi hər bir sözü və məsələni uğurla həyata keçirdi, 200 illik erməni problemini həll edərək, işğala son qoydu, Zəfər tariximizi yazdı. Bu gün Şuşada, Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda, Laçında, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda və Qarabağın bütün ərazilərində Dövlət Bayrağımız dalğalanır.

“2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin elan edilməsi dövlətimizin başçısının özünə güvəninin və xalqın dəstəyinə inamının göstəricisidir. Əminliklə deyə bilərəm ki, xalqımız bu seçkidə də liderinin yanında olacaq, şanlı Qələbəni bizə bəxş edən dahi sərkərdəni növbəti dəfə qalib edəcək.

Növbədənkənar seçkilər dünya praktikasında qəbul edilmiş bir təcrübədir. Ölkə vətəndaşları bu zaman sadəcə vaxtından əvvəl öz seçici hüquqlarından eyni qaydada istifadə edəcək. Bunun üçün bütün siyasi partiyalara və namizədlərə bərabər imkanlar yaradılıb. Üzvlərinin sayı ilə bağlı dövlət reyestrinə yeni alınmış 26 siyasi partiya və müstəqil namizədlər üçün ölkə Konstitusiyasında və Seçki Məcəlləsində bütün bərabər imkanlar var. Hər bir özünə güvənən namizəd bu hüquqdan sərbəst şəkildə istifadə edə bilər.

Bölgədə müstəqil siyasət yürüdən ölkəmizin uğurlarını qəbul edə bilməyən qərəzli dövlətlərin təxribatlarının qarşısını almaq üçün isə siyasi sistemin gücləndirilməsi olduqca vacib və strateji əhəmiyyət kəsb edir”, - deyə Rufiz Qonaqov vurğulayıb. (AZERTAC)

Oxşar xəbərlər