İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Azərbaycan parlament nümayəndə heyətinin bu günlərdə Türkiyənin İstanbul şəhərində işgüzar səfəri barədə məlumat verib.
Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Qlobal Parlament Konfransının müasir dövrün aktual problemlərindən olan miqrasiya və qaçqınlar probleminə həsr edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Milli Məclisin sədri qismində konfransın birinci panelinin əsas məruzəçisi kimi etdiyi çıxışda Sahibə Qafarova miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsi, cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasının təmin edilməsi, onların ləyaqətli, təhlükəsiz şəraitdə doğma ölkələrinə qaytarılması məsələləri barədə fikirlərini səsləndirib.
S.Qafarova illər öncə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri olarkən topladığı təcrübəyə əsaslanaraq qeyd edib ki, müvafiq qlobal sazişlər miqrantların və qaçqınların hüquqlarının qorunması üçün bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini göstərir.
Konfransda Milli Məclisin sədri bu sahədə Azərbaycanın təcrübəsi haqqında məlumat verərək vurğulayıb ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması dövlətimizin miqrasiya siyasətinin prioritetlərini təşkil edir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal Sazişə qoşulan ilk ölkələrdən biri, regionda BMT-nin Miqrasiya Şəbəkəsini milli səviyyədə ilk dəfə yaratmış ölkədir.
Konfransda Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfərdən danışan Sahibə Qafarova bildirib ki, 30 il ərzində işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan 1 milyona yaxın qaçqının və məcburi köçkünün ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri həyata keçirib.
İşğal olunmuş torpaqların azad edilməsi ilə regionda yeni reallıqlar və imkanlar yarandığını diqqətə çatdıran Milli Məclisin sədri Qələbəmiz sayəsində məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququnun təmin olunduğunu və ölkəmizin bu gün dinamik daxili miqrasiya proseslərinin astanasında olduğunu vurğulayıb. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, eləcə də ölkə iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağı və Şərqi Zəngəzuru turizm və investisiyalar üçün cəlbedici bir məkana çevirəcəkdir.
Sədr bildirib ki, İstanbul şəhərinə işgüzar səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla ikitərəfli görüş də keçirib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Hər iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi, dostluq və qardaşlıq nümayiş etdirdiyi vurğulanıb. Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin ikitərəfli əməkdaşlığın dinamik inkişafına töhfə verdiyi nəzərə çatdırılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Sonra iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. (AZƏRTAC)