Bu fikirləri açıqlamasında türk hərbi ekspert Coşqun Başbuğ ifadə edib.
Ekspert deyib: “Məsələyə “Bir millət, iki dövlət” prinsipindən baxsaq, Türkiyənin Ermənistanla münasibətlərini yaxşılaşdırması istiqamətində cəhdləri, Paşinyanın Türkiyəyə dəvət olunması, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirakı fikrimcə, rəsmi İrəvanın mövqeyini tam olaraq göstərir. Bütün bunları nəzərə alsaq, Ermənistanın sülhə gedən bu yolda əməkdaşlığa niyyətli olduğunu görürük. Lakin dediyim kimi, rəsmi İrəvanın bəzi yan qüvvələrin təsirinə məruz qalması prosesin hələ də istənilən səviyyəyə gəlməməsinin əsas səbəbidir. Bütün bunlarla yanaşı, Paşinyan ötən həftə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi və dəhlizin açılmasını dəstəklədiklərini bildirdi. Bu, çox əhəmiyyətli və bölgədə vəziyyəti dəyişəcək bir çıxış idi. Bütün bunların ardınca Azərbaycan ilə Ermənistan arasında etimadın qurulması istiqamətində atılan son addımlar, Ermənistanın 2 Azərbaycan hərbçisini, Azərbaycanın isə erməniəsilli 32şəxsi sərbəst buraxmaları mühüm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın sülhyönümlü fikirləri, gələcəkdə görüləcək işlərə dair açıqlamaları olduqca dəyərlidir. Türkiyə ilə Yunanıstan və Azərbaycan ilə Ermənistanın məsələyə yanaşmaları bu şəkildə davam etdiyi təqdirdə, əminliklə demək olar ki, bölgənin gələcək taleyi müsbət istiqamətdə dəyişəcək”. (AZERTAC)