“Vətən səsi” xəbər verir ki, bunu Ermənistan parlamentinin İqtisadi Məsələlər Komitəsinin sədr müavini Babken Tunyan bildirib. O, deyib ki, Paşinyan hakimiyyətinə qarşı qərəzli mövqedən çıxış edənlərin etirazlarına baxmayaraq, Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi sahədə əməkdaşlığın bərpası, o cümlədən ticarət əlaqələrinin qurulması ilə bağlı tədbirləri davam etdirəcək: “Qatarla Bakıdan benzin gətirilməsinə təəccüblənənlər aydan eniblər, yəqin onlar “düşmən” adlandırdıqları Türkiyədən son 30 il ərzində Ermənistana yüz min tonlarla məhsul idxal olunduğunu bilmirlər. Çox maraqlıdır ki, türk bayrağı yandıran, hökumətdə təmsil olunmuş, vətənpərvərliyə çağırış edən keçmiş məmurlar və onların yaxın çevrəsi bunlardan xəbərsiz idimi, yoxsa Türkiyəni dost ölkə hesab edirdilər?”
Erməni deputat Bakı və İrəvan arasında ticarət əlaqələrinin bərpasına etiraz edənlərə səslənərək deyib ki, son 20 ildə, yəni 2006-cı ildən bu ilin oktyabrına qədər Türkiyədən Ermənistana ümumilikdə 4,3 milyard dollardan çox məhsul idxal edilib. Onun sözlərinə görə, həmin məhsullar əsasən geyim, geyim aksesuarları, avadanlıqlar, ehtiyat hissələri, tikinti materiallarından ibarət olub: “İndi bəziləri deyirlər ki, guya Bakıdan gətirilən benzini almayacaqlar, yaxud Azərbaycan ərazisindən keçən buğdadan hazırlanmış çörək yeməyəcəklər. Nə alıb-almamaq sizin haqqınızdır, amma bundan əvvəl özünüz və yaxınlarınızın geyimini yoxlayın, bəlkə əyninizdəki türk istehsalıdır və ya türk parçasından tikilib. Bunlara da fikir verin ki, səsləndirdiyiniz fikirlərlə real həyatınız arasında yaranmasın, yoxsa özünüz öz ideyalarınızdan utanarsınız”.
Elxan SALAHOV