Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə özəl müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
E.Hüseynov bildirib ki, bərpa prosesində ən vacib məsələ ciddi planlaşdırmanın aparılmasıdır: “Qarabağ Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman igidlərimizin qanı, canı bahasına işğaldan azad edilib. Ona görə də bu ərazilərin yenidənqurulmasında bizim hər hansı yanlışlığa, səhlənkarlığa yol verməyə mənəvi haqqımız yoxdur. Təbii ki, biz qabaqcıl beynəlxalq təcrübə ilə də maraqlanırıq. Eyni zamanda ciddi və planlı şəkildə əlaqələndirməni həyata keçirməliyik. Bu istiqamətdə Azərbaycan dövlətinin ortaya qoyduğu yanaşma təqdirəlayiqdir, bunun özü bir yenilikdir”.
E.Hüseynov onu da qeyd edib ki, prosesin idarəolunması özünəməxsusdur və bu, əksər xarici ölkələri maraqlandırır: “Xarici qonaqlar azad edilmiş ərazilərə səfərlər edərkən buradakı dağıntıları, erməni vandalizmini öz gözləri ilə görürlər, eyni zamanda Azərbaycan dövlətinin həyata keçirdiyi nəhəng layihələri izləyərək heyrətlənirlər. Azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işləri birbaşa olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında həyata keçirilir. Bizim də borcumuz odur ki, dövlət başçısının qarşımızda qoyduğu vəzifələri yüksək peşəkarlıqla həyata keçirək”.
E.Hüseynov müsahibə zamanı həmçinin Ağdamda, Füzulidə, Suqovuşanda və digər ərazilərdə aparılan hazırkı bərpa işlərindən, yaxın aylarda icrasına başlanacaq digər böyük layihələrdən danışıb. Prezidentin nümayəndəsi eyni zamanda minatəmizləmə prosesi, avtomobil yolu, dəmiryolu, su, işıq, qaz xəttlərinin çəkilməsi, ağıllı kəndlərin, digər sosial infrastruktur obyektlərinin tikintisi üzrə prosesin detallarını açıqlayıb.