Qırx dörd günlük müharibə və bu ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin uğurlu nəticələrini həzm edə bilməyən xarici qüvvələr Azərbaycana qarşı dezinformasiya maşınını yenidən işə salıb. Xüsusilə erməni diasporunun təsiri altında olan şər qüvvələri beynəlxalq imicinə zərbə vurmağa çalışır.
"Vətən səsi" xəbər verir ki, Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkil və guya Azərbaycanın bu ölkəyə hərbi təyinatlı yardımlar, o cümlədən top mərmiləri göndərməsi barədə dezinformasiya ifşa edildikdən sonra rəsmi Bakıya qarşı qara piar kampaniyası aparıldığı barədə deyilənlər bir daha təsdiqini tapıb. Ekspertlər Azərbaycanın öz gücü və imkanları hesabına ərazi bütövlüyünü tam təmin etməsindən sonra regionda davam edən proseslər fonunda ölkəmizə qarşı informasiya savaşının genişlənməsini, feyk xəbərlərin yayılmasını gözlənilən hal kimi dəyərləndirir. Xüsusilə Ermənistanın Qərbdəki havadarlarının canfəşanlığı, İrəvanın silahlandırılması, Ukrayna cəbhəsindəki son vəziyyət, Amerika-Ukrayna münasibətləri və Qərbin rəsmi Kiyevə silah və maliyyə yardım vədlərinin arxasından çəkildiyi şəraitdə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq cəhdlərinin haradan qaynaqlandığı da məlumdur.
Politoloq Elxan Şahinoğlu baş verənlərin Azərbaycanın Qarabağ problemini təkbaşına həll etməsi və bəzi qüvvələrin bu uğura kölgə salmaq istəyi ilə əlaqələndirir. Onun sözlərinə görə, hələ Qarabağ münaqişəsinin ilk illərində də Azərbaycana qarşı bu cür qarayaxma kampaniyalarına əl atılırdı və 30 ildən çox davam edən münaqişə eyni üsullarla alovlandırılıb. O, son günlər Azərbaycana qarşı dezinformasiya müharibəsi genişləndiyini təsdiq edən üç arqumentə diqqət çəkir: "1)“Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb”; 2) “Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Jozep Borel 150 min (?!) erməninin zorla Qarabağdan çıxarıldığını bildirib”; 3) “Azərbaycan Ukraynaya mərmi göndərib”. Bunların yalan olduğunu biz bilirik, ancaq bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır. 1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüz minlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik. Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, “ikili standartlardan” qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq".
Azərbaycanın guya, Ukraynaya hərbi yardım etməsi barədə yayılan feyk xəbərlər bir daha onu göstərir ki, bəzi ölkələrin siyasi dairələri cidd-cəhdlə rəsmi Bakının ədalətli və ləyaqətli xarici siyasət kursuna müdaxilə etməyə və müstəqil siyasət kursu öz milli maraqlarına xidmətə yönəltməyə çalışır. Ekspertlər isə hesab edirlər ki, hər hansı güc mərkəzindən asılı olmayan Azərbaycan dövlətinin suveren siyasi iradəsi onun əleyhinə yönəldilmiş dezinformasiyaları dərhal ifşa etməyə imkan verir. Son aylar baş verən hadisələr də Azərbaycanın istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya məkanında öz siyasətini beynəlxalq hüquq normaları əsasında davam etdirdiyini, regional və qlobal təhlükəsizliyin təmin olunmasında xüsusi rol oynadığını sübut edir.
Elxan SALAHOV