23.12.2024, 15:39
AZ EN
04.12.2023, 20:13 272

Özbəkistan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

XƏBƏRLƏR
  • Dekabrın 4-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə parlament Aparatının rəhbəri Azərbaycan və özbək xalqları arasında dərin köklərə söykənən dostluq əlaqələrinin ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da möhkəmləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri geniş ictimaiyyətə yaxşı məlumdur. O, bu gün iki ölkə arasında münasibətlərin gücləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xidmətlərindən danışıb.

Fərid Hacıyev 44 günlük Vətən müharibəsi və cari ildə həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsi barədə söhbət açıb.

Söhbət zamanı Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyəti vurğulanıb.

Sonra parlament Aparatının rəhbəri Milli Məclisin strukturu, fəaliyyəti, ölkədəki seçki sistemi, parlamentdə təmsil olunan partiyalar, mövcud komitə və komissiyalar, qanun yaradıcılığı prosesi barədə qonaqlara məlumat verib.

Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayev ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bir çox sahələrdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdiyini söyləyib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbriklərini çatdıran qonaq, Ulu Öndərin xatirəsinin Özbəkistanda əbədiləşdirildiyini, Heydər Əliyevin adının Daşkənd şəhərinin mərkəzi küçələrindən birinə verildiyini və barelyefinin qoyulduğunu diqqətə çatdırıb.

Senatın Aparat rəhbəri ölkəsinin Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etməsindən məmnunluğunu ifadə edib. O, Özbəkistan dövlət başçısının təşəbbüsü ilə ölkəsinin Füzuli şəhərində müasir məktəb binası inşa etməsini xalqlarımız arasında möhkəm dostluq əlaqələrinin rəmzi kimi qiymətləndirib.

Sonra görüşdə iştirak edən Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Aparat rəhbəri vəzifəsini icra edən Boburcan Rədcəbov çıxış edərək bu görüşün parlamentlərarası əlaqələrinin gələcək inkişafına xidmət edəcəyini söyləyib.

O, Özbəkistan parlamentinin fəaliyyəti ilə bağlı geniş məlumat verib.

XXX

Sonra Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Parlamentin İntizam Komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov strateji əməkdaşlıq xarakteri daşıyan Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin çoxəsrlik tarixindən danışıb. Dövlət başçıları arasında da xoş və səmimi münasibətlərin olduğunu deyən işçi qrupunun rəhbəri, ölkə başçılarının qarşılıqlı səfərlərinin, həmçinin keçirilən görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə əlaqələrimizin dərinləşməsində qanunverici orqanların özünəməxsus rolu qeyd olunub, parlament sədrlərinin qarşılıqlı səfərlərinin, təmasların mühüm əhəmiyyəti barədə danışılıb. Deputatlar dostluq qrupları çərçivəsində, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı müsbət qiymətləndirilib.

Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayev Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, çoxəsrlik tarixə malik dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsində qanunverici orqanların rəhbərlərinin rolunu qeyd edib, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb.

Özbəkistanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin dərin ehtiramla yad edildiyini deyən Senatın Aparat rəhbəri, bu böyük şəxsiyyətin 100 illik yubileyinin ölkəsində də təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.

Qonaq Özbəkistan Ali Məclisi Senatının Aparatı ilə Milli Məclis Aparatı arasında əlaqələrin dərinləşməsindən, gələcəkdə nəzərdə tutulan birgə layihələrdən bəhs edib.

XXX

Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və parlament Aparatının bir neçə şöbə müdiri dekabrın 4-də Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov Azərbaycan parlamentinin beynəlxalq fəaliyyəti və həyata keçirdiyi uğurlu diplomatiyasından söz açaraq, Azərbaycan və Özbəkistan parlamentlərinin qlobal parlament dialoqunun möhkəmlənməsində oynadığı rolundan danışıb, parlamentlərimizin müxtəlif beynəlxalq parlament platformalarında, o cümlədən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində səmərəli əməkdaşlığını vurğulayıb.

Görüşdə Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov, Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov rəhbərlik etdikləri şöbələrin funksiyaları, iş prinsipləri və tətbiq etdikləri texnoloji yeniliklər barədə məlumat veriblər.

Söhbət zamanı parlament aparatlarının strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (AZERTAC)

Oxşar xəbərlər