13.09.2025, 06:47
AZ EN
28.11.2023, 15:05 437

ABŞ-ın Rusiya və İransız Zəngəzur dəhlizi planı

XƏBƏRLƏR
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. İkinci Qarabağ müharibəsi və bu ilin sentyabrında Azərbaycan ordusunun separatçılara qarşı həyata keçirdiyi antiterror tədbirlərindən sonra regionda nüfuz savaşı uğrunda mübarizə bir az da qızışıb. Azərbaycan prezidentinin ideyası olan və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda əks olunan Zəngəzur dəhlizi layihəsi ilə bağlı müzakirələrin gedişi də bunu təsdiqləyir və belə demək olarsa, həmin layihənin reallaşmasında marağı olan bütün tərəflər açıq kartla oynamaqdan çəkinmir.
 
Zəngəzur dəhlizi layihəsində maraqlı olan ABŞ isə kommunikasiya xəttinin məhz Ermənistan ərazisindən keçməsinin tərəfdarı olduğunu bir daha bəyan edib. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn jurnalistlərə açıqlamasında gizlətməyib. O, mətbuat nümayəndələrinin suallarını cavablandırarkın deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini regionda kommunikasiyaların açılması üçün real fürsət kimi görür: "Azərbaycanla Ermənistanın bir-biri ilə birbaşa və ya vasitəçilərlə danışması bizi ruhlandırır. Bununla biz bütün regionun faydalanması üçün real fürsət görürük. Məsələn Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, həmin ticarət yolu üzərindəki bütün ölkələr üçün əhəmiyyətli təkan olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayırıq".
 
Göründüyü kimi, ABŞ rəsmisi "Zəngəzur dəhlizi" ifadəsi işlətməsə də, Azərbaycanla Ermənistanı birləşdirəcək kommunikasiya xətlərinin marşrutunu da cızıb. Həmin marşrutda isə İranın və Rusiyanın adı çəkilmir. Əksinə, o, "Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə" deməklə ABŞ administrasiyasının dəhlizin İran ərazsindən keçməsi ilə razılaşmadığını növbəti dəfə dilə gətirib.  Üstəlik, Ceyms Obrayn lahihənin region ölkələri üçün müstəsna əhəmiyyətindən danışarkən "biz bunun bir hissəsi olmaq fürsətini alqışlayırıq" deyib.
 
ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana ötən axşamkı zəngi də Vaşinqtonun regionda marağının açıq ifadəsi kimi diqqətdən yayınmır. Dövlət katibi telefon danışığı zamanı Vaşinqtonun Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi səylərinə dəstəyini diqqətə çatdırması əslində Zəngəzur dəhlizin layihəsini reallaşmasına marağın ən yüksək səviyyədə olmasının göstəricisidir.
 
Məsələnin diqqət çəkən tərəfi həm də ondadır ki, Blinken Paşinyanla telefon danışığı zamanı ABŞ-ın Ermənistanla ikitərəfli əməkdaşlığı artırmaq səylərini də xüsusi qeyd edib. Bundan da daha maraqlı məqamı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik açıqlayıb. O, deyib ki, ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib. Vətən Müharibəsinin üçüncü ilinin sonunda məlum olur ki, Vaşinqton bunu sözügedən dövrdə F-16-ların Türkiyəyə göndərilməsi üçün şərt olaraq irəli sürübmüş. Bu isə o deməıkdir ki, Zəngəzur dəhlizi layihəsinin reallaşması naminə İran ərazisinin alternativ kimi göstərilməsindən əndişələnən ABŞ administrasiyası kommunikasiya xətlərinin məhz Ermənistandan keçməli olduğuna dair bəyanatları konkret hədəfə yönəlib. Rusiyanın bölgədən çıxışdırılmasına çalışan ABŞ bu niyyətinə nail olmaq üçün Ermənistandan vasitə kimi istifadə etməkdə israrlıdır.
 
Başqa sözlə, ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Amma Rusiyanın və qonşu İranın iştirakı olmadan. Regionun gələcək taleyini müəyyənləşdirən bu dəhlizin Moskava və Tehranın xeyir-duası olmadan açılması isə nəinki real görünmür, həm də ziddiyətləri bir az da artırır.
 
Elxan SALAHOV
Oxşar xəbərlər