24.12.2024, 03:09
AZ EN
20.11.2023, 19:52 247

Azərbaycan XİN və Müdafiə Nazirliyi diplomatlar üçün brifinq keçirib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə mətbuat brifinqi keçirilib.

Mətbuat brifinqində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus, hərbi attaşelər, habelə yerli və beynəlxalq media nümayəndələri iştirak ediblər.

Brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Anar Eyvazov çıxış ediblər.

Çıxışlar zamanı, həm Ermənistanın ərazilərimizi işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində, həm də post-münaqişə dövründə beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycan ərazilərində sülh və təhlükəsizliyə hədə törədən Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, həmçinin mina təhdidinə cəlb edildiyi xatırlanıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən bölgədə aparılan işlər nəticəsində ərazilərimizdə 10 000-dən çox piyada əleyhinə mina, 3 000-dən çox tank əleyhinə və 12 000-dək partlamamış döyüş sursatının aşkarlandığı və neytrallaşdırıldığı bildirilib.

Ermənistanın beynəlxalq hüquq normalarına, habelə Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin müddəalarına zidd olaraq, beynəlxalq təşkilatları, o cümlədən aidiyyəti BMT və ATƏT strukturlarını məlumatlandırmadan bölgədə külli miqdarda hərbi texnika və sursat yerləşdirdiyi qeyd olunub. Bu pozuntuların qarşısının alınması barədə Azərbaycanın çağırışlarına baxmayaraq, beynəlxalq ictimaiyyətin məsələyə biganəliyinin bölgədə gərginliyi daha da artırdığı vurğulanıb.

Azərbaycan ərazilərində eyni zamanda, silah-sursatın yenidən modifikasiyası və xarici ölkələrə ötürülməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb. Ermənistanın post-münaqişə dövründə də Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinə qədər silah və texnikanı, yeni istehsal olunmuş minaları ərazilərimizə ötürməkdə davam etdiyi qeyd olunub. Bununla bölgədəki mülki obyektlərə, hətta təyyarələrin təhlükəsizliyinə, habelə aparılan genişmiqyaslı yenidənqurma fəaliyyətinə hədə törədildiyi vurğulanıb.

Cari ilin 19-20 sentyabr tarixlərində 24 saatdan az müddətdə antiterror tədbirlərindən sonra bölgədə mina təmizləmə fəaliyyəti, habelə kommunikasiya xətlərinin və yeni təchizat yollarının bərpası məqsədilə Müdafiə Nazirliyinin digər aidiyyəti qurumlarla apardığı fəaliyyətin ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını bir daha göstərdiyi vurğulanıb. Aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı bildirilib. Xüsusilə, “Kornet” və “Faqot” tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.

Brifinq zamanı, həmçinin bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.

Brifinqə qatılan şəxslər antiterror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar. (Report)

Oxşar xəbərlər