Bu fikri UDİAD Ankara Diplomatik Araşdırmalar Cəmiyyəti sədrinin müavini Mehmet Gökhan Özçubukçu UHA agentliyinin dərc etdiyi “Türkiyə-Azərbaycan perspektivi Qafqaza sülh gətirəcəkmi?” sərlövhəli analitik məqaləsində bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Azərbaycanla dövlət sərhədini tanımağa hazır olduğunu bəyan etməsi Cənubi Qafqazda sülhü daha əlçatan edir. Lakin rəsmi İrəvanın Fransa kimi qeyri-regional aktorları Bakı ilə dialoqa cəlb etmək cəhdləri sülh prosesinin effektivliyinə mənfi təsir göstərir. “44 günlük müharibədə qazanılan Qələbə Cənubi Qafqazda strateji qüvvələr balansını dəyişdirərək, regionun bütün ölkələri üçün yeni imkanlar açdı”, - deyən türkiyəli ekspert Ermənistanın işğal etdiyi torpaqların azad edilməsini “ən vacib məsələ” adlandırıb və qeyd edib ki, bu, Azərbaycanın 30 illik müstəqillik tarixində ən mühüm hadisədir.
UDİAD rəhbərinin müavini bildirib: “Bölgədə uzunmüddətli sülh və sabitlik üçün real şans var ki, bu da Ankaranın xarici siyasət prioritetlərindən biridir. Türkiyə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını Cənubi Qafqazda uzunmüddətli sabitliyə doğru yeganə mümkün addım hesab edir”. O qeyd edib ki, tarixi nöqteyi-nəzərdən də Azərbaycanla Ermənistan arasındakı münasibətləri Türkiyə-Ermənistan məsələlərindən təcrid etmək düzgün deyil. “Ankara regiona sülh və sabitlik gətirməyə çalışan Bakı və İrəvan dialoqundan kənarda qala bilməz”, - deyə Özçubukçu bildirib.
Ekspert Türkiyənin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ədalətli mövqeyinə açıq dəstəyini xatırladıb. “Türkiyənin Cənubi Qafqazdakı geosiyasi təşəbbüsləri türkdilli dövlətlərdə diqqətlə izlənilir və bu, Ankara ilə əməkdaşlığın təhlükəsizlik sektoru üçün real faydalarla əlaqəli olduğunu açıq şəkildə nümayiş etdirir. Bunun nəticəsidir ki, son bir neçə ildə Türkiyənin Qazaxıstan və Özbəkistanla tərəfdaşlığı intensivləşib. Bu, birgə hərbi təlimlərdə və kəşfiyyat məlumatlarının mübadiləsində özünü göstərdi. Orta Asiya ölkələrində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına maraq xeyli artıb”, - deyə UDİAD nümayəndəsi sözlərinə davam edib.
Türkiyəli ekspert İrəvanın regional kommunikasiyaların açılması məsələsində destruktiv mövqeyinə diqqət çəkib və vurğulayıb ki, bu, Azərbaycanla sülhün əldə olunması prosesini ləngidir.
UDİAD rəhbərinin müavini qeyd edib ki, Ermənistanın hazırkı rəhbərliyi Qərbin, xüsusən də ABŞ-ın dəstəyini qazanaraq Moskvadan uzaqlaşır, Rusiya tərəfinin kommunikasiya yollarında təhlükəsizliyi təmin etmək hüququnu tanımaqdan imtina edir. O əlavə edib: “Əslində, Vaşinqton İrəvanın köməyi ilə Moskvanın regionda təsirini azaldır və Rusiya Federasiyasından yan keçərək, Mərkəzi Asiya ölkələrindən özünə yol açmağa çalışır”.
Özçubukçu qeyd edib ki, Cənubi Qafqazda kommunikasiyalar açılarsa, Türkiyə Ermənistan iqtisadiyyatının Qərbə açılan “pəncərəsinə” çevriləcək, İranın isə Ermənistanla ticarət imkanları daralacaq.
Onun fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması İranın Azərbaycandakı mövqelərinə də təsir edir. Ekspert qeyd edib: “İranın Xəzər dənizi ilə Fars körfəzi arasında “enerji dəhlizinə” çevrilməsi ideyası da şübhə altına alınacaq”.
Türkiyəli ekspert əmindir ki, Cənubi Qafqazda fikir ayrılıqlarının həlli Qərbdən deyil, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması kontekstində region dövlətlərinin özlərinin dialoqundan asılıdır. O hesab edir ki, region ölkələri arasında problemləri, o cümlədən “3+3” kimi platformalar vasitəsilə həll etmək lazımdır və bu, mümkündür. (AZERTAC)