09.06.2025, 00:35
AZ EN
14.01.2022, 17:10 250

Bütün dünya şahiddir ki, Qarabağ Azərbaycandır!

XƏBƏRLƏR

Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın müddətdə işğal altında olmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamasına baxmayaraq, dövlətimizin başçısı insan amilini daim diqqət mərkəzində saxlayıb. Aztəminatlı ailələrin, şəhid və müharibə əlillərinin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilib, bu qəbildən olan insanların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fərman və sərəncamlar imzalanıb. Bu illər ərzində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin endirilməsi, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılması zəruri vəzifələrdən olub.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bunu ötən ilin yekunları ilə bağlı mətbuata verdiyi açıq­lama da bildirib. O, 2021-ci ilin Azərbaycan tarixinin səhifələrini zənginləşdirən daha bir uğurlu il kimi yaddaşlarda qalacağını qeyd edib. Hüquq müdafiəçisi deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusunu darmadağın etdikdən və 30 illik işğal siyasətinə son qoyduqdan sonra qazandığımız şanlı Qələbənin yaratdığı reallıqların təsdiqi istiqamətində qətiyyətli və davamlı addımlar atılıb. Dövlətimizin başçısının öz ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş ərazilərimizə mütəmadi səfərləri, qısa müddət ərzində tikilib istifadəyə verilmiş obyektlərin açılış mərasimlərində və bəzilərinin isə təməlqoyma mərasimlərində iştirakı beynəlxalq aləmdə böyük maraqla izlənilib. Çünki müharibədən yenicə çıxmış bir dövlətin qısa müddətdən sonra genişmiqyaslı yenidənqurma işlərinə başlaması iqtisadi gücümüzün göstəricisidir.

Ötən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlərini xatırladan Ç.Qənizadə bildirib ki, dövlətimizin başçısının və birinci xanımın bu səfərləri düşmənə və havadarlarına göz dağıdır. Artıq bütün dünya da şahiddir ki, Qarabağ Azərbaycandır!

Dövlətimizin başçısının iş qrafikinin ötən il çox məhsuldar, faydalı və çoxşaxəli olduğunu qeyd edən Çingiz Qənizadə xatırladıb ki, Prezident İlham Əliyev həmin dövrdə 7 dəfə xaricdə səfərdə olub, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb. Belə bir zamanda, yəni işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin geniş şəkildə start götürdüyü, eyni zamanda, dünyanı koronavirus pandemiyasının bürüdüyü bir vaxtda Azərbaycan Prezidenti Rusiyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib. O cümlədən dövlətimizin başçısı bu səfərlər zamanı 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Avropa İttifaqı, NATO), 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb və ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə əlaqədar müzakirələr aparıb. Təbii ki, bütün bunlar ölkəmizin xarici siyasətinin kifayət qədər dolğun, düşünülmüş və çoxşaxəli olmasından xəbər verir.

Ç.Qənizadə deyib ki, 2021-ci ildə qarşıda mühüm əhəmiyyətli işlər var idi. Axı düşmən işğal etdiyi ərazilərimizdə daş üstə daş qoymamışdı. İşğaldan sonra həmin ərazilərə təşkil olunan səfərlər də bunu dünya ictimaiyyətinə nümayiş etdirdi. Ona görə, qarşıda prioritet vəzifələr dururdu: bir tərəfdən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, digər tərəfdən isə xarici siyasətdə qazanılan uğurları davam etdirmək, habelə beynəlxalq tədbirlərdə iştirak edərək müharibənin başlanılması barədə həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq. Həmçinin həmişə olduğu kimi, bu dəfə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi qarşıya qoyulan mühüm vəzifələrdən idi.

Ç.Qənizadə ötən ilin yadda qalan hadisələrindən söhbət açarkən iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi səfərdə olduğunu xüsusi vurğulayıb. Deyib ki, həmin gün Azərbaycan tarixində əbədi olaraq əlamətdar gün kimi xatırlanacaq. Çünki respublikamızın müstəqillik tarixində ilk dəfə olaraq, dövlətimizin başçısı xarici dövlətin rəhbərini Qarabağda qarşıladı. Həmin səfər çərçivəsində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bu görüş hər iki xalq üçün mühüm mənəvi əhəmiyyət kəsb edir. Çünki 28 illik işğaldan sonra Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Oxşar xəbərlər