Noyabrın 6-da Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və “Təhsil” Respublika İdman Mərkəzi 3 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə rayon məktəbliləri arasında "Zəfər zirvəsinə yüksələn qəhrəmanlar" mövzusunda təşkil olunan inşa yazı müsabiqəsinin və şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması yolunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, dövlətimizin qüdrəti, rəşadətli ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfərimizdən üç il keçir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildiyi tarix - 8 noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edilib. Bu münasibətilə paytaxt və bölgələrdə silsilə tədbirlər keçirilir, Zəfərə gedən yol geniş təhlil olunur, Zəfərin qəhrəmanlarının həyat yoluna nəzər salınaraq vətənpərvərlik məktəbi kimi öyrənilməsinin vacibliyi bildirilir.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Tədbirlər Planına uyğun olaraq Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirir. İnşa yazı müsabiqəsi və şahmat turniri də bu tərkibdəndir.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik. Zəfər zirvəsinə yüksələn qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev qeyd edib ki, tarixi Zəfərimiz qürurumuzdur. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər qazandı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə 8 noyabr tarixinin Zəfər Günü kimi təsis edilməsi hər birimizi qürurlandırır, dastana çevrilən Şuşa əməliyyatının fonunda işğal altındakı bütün torpaqlımızın azad edilməsi üçün canlarını fəda edən Vətən övladlarının həyat yolunun vərəqlənməsində əhəmiyyətli rol oynayır.
“Təhsil” Respublika İdman Mərkəzi 3 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi Publik Hüquqi Şəxsin direktoru Cəmil Fətullayev ölkəmizdə idmanın hər bir növünün inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edib. Bildirib ki, belə tədbirlər gələcəyimiz olan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayır.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. (Trend)