Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağı könüllü şəkildə tərk etmiş erməni sakinlərin gələcək taleyindən danışıb.
"Vətən səsi" xəbər verir ki, erməni baş nazir “The Wall Street Journal”a müsahibəsində bildirib ki, qısa müddətdə hökumətin vəzifəsi qaçqın vəziyyətinə düşmüş soydaşlarının ən aktual ehtiyaclarını ödəməkdir: “Orta müddətli perspektivdə onların layiqli həyat sürmək imkanını təmin etməliyik. Bizim yanaşmamız ondan ibarətdir ki, əgər onların Qarabağa qayıtmaq imkanı və ya arzusu yoxdursa, biz onların Ermənistan Respublikasında qalmaları, yaşamaları və işləmələri üçün hər şeyi etməliyik”.
Paşinyan bildirib ki, Qarabağı tərk etmiş erməni köçkünlərin gələcəyinin necə olacağı daha çox Azərbaycanın onlara hansı təklifi verməsindən, hansı mövqe tutmasından, Azərbaycanın hansı şəraiti yaratmasından asılıdır: "Çox böyük səylər göstərmək lazımdır ki, Qarabağ ermənilərinin geri qayıtmaq arzusu olsun. Bunlar çox ciddi və dərin məsələlərdir”.
Xatırladaq ki, Qarabağın erməni əhalisinin könüllü olaraq Ermənistana qayıtmasını son vaxtlar guya, “etnik təmizləmə” kimi dəyərləndirilməsinə cəhdlər müşahidə olunur. Ancaq hələ antiterror əməliyyatından əvvəl və bu tədbirlərin gedişi zamanı rəsmi Bakı və Azərbaycanın təhlükəsizlik xidməti oraqnları antiterror tədbirlərinin yalnız qanunsuz hərbi birləşmələrə qarşı olduğunu bəyan edib, mülki erməni sakinlərə dəfələrlə müraciət edərək onları öz evlərinin tərk etməməyə, silahlı dəstələrdən kənar durmağa çağırıb. Elə həmin hünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan da mətbuata açıqlamalarında Qarabağın erməni əhalisinin ərazini öz istəkləri əsasında könüllü şəkildə tərk etdiyini bəyan edib. Təkcə bu faktlar onu göstərir ki, Azərbaycanı ermənilərə qarşı etnik təmizləmdə ittiham etmək absurd və gülüncdür. Bunlar regionda siyasi maraqları olan bəzi dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin bölgədə vəziyyəti qızışdırmaq, iki qonşu ölkələr arasında düşmənçilik mühiti yaratmaq cəhdlərindən başqa bir şey deyil.
Elxan SALAHOV