"Vətən səsi" xəbər verir ki, bu barədə qondarma nümayəndəliyin "mətbuat katibi" Armine Hayrapetyan bildirib. O, news.am-ın bununla bağlı sualına cavabında deyib ki, “artsax” nümayəndəliyi illərdir Ermənistanda separatçı xuntanın üzdəniraq “xarici siyasəti”nin müəyyən istiqamətlərini həyata keçirib. İndi isə qondarma rejim rəsmən buraxılana qədər, yəni gələn ilin yanvarınadək “artsax” “xarici işlər nazirliyi”nin şöbəsi kimi fəaliyyət göstərəcək.
Bundan başqa, Qarabağı tərk etmiş və hazırda Ermənistan ərazisində məskunlaşmış ermənilərin bir qisminin yerləşdirilmə və digər problemlərinin həlli həmin nümayəndəliyə həvalə olunub.
"2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədən sonra “artsax” “hökuməti”nin operativ qərargahı Abovyan küçəsi-9 ünvanında fəaliyyət göstərir və bu funksiyaların əksəriyyətini hazırda qərargahın özü həyata keçirir. Buraya Qarabağı tərk etmiş ermənilərin sənədləri ilə bağlı problemlər, pensiya və müavinətlər, pasport qeydiyyatı və digər məsələlərin həll edilməsi kimi hüquqi yardımların göstərilməsi daxildir", - Armine Ayrapetyan əlavə edib.
Mətbuat katibi onu da vurğulayıb ki, hazırda “artsax” nümayəndəliyinin binasında qondarma “prezident”, “hökumət” başçısı və “deputat”lar toplanır. O, nümayəndəliyin binasında nə baş verdiyini, jurnalistlərlə görüşün olub-olmayacağını deyə bilmədiyini bildirib.
Elxan SALAHOV