22.12.2024, 11:20
AZ EN
06.06.2023, 20:39 255

AŞPA-nın həmməruzəçiləri Ermənistanın mina terroru barədə məlumatlandırılıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşdə Ermənistanın mina terroru barədə məlumat verib .

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüşdə S.Əliyeva ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Ombudsman Konstitusiya Qanununda təsbit edilmiş mandatının mövcud müsbət beynəlxalq təcrübəyə uyğun olaraq genişləndirilməsi ilə bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif olunan əlavə və dəyişikliklərdən bəhs edib.

Müvəkkil Milli Preventiv Mexanizm (MPM) qrupu ilə birgə insanların öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq başçəkmələr həyata keçirildiyini bildirib. Eyni zamanda, MPM fəaliyyəti ilə bağlı illik hesabatların dərc olunduğu, indiyədək hazırlanmış hesabatlarda qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş 200-dən çox təklif və tövsiyənin öz əksini tapdığı qeyd edilib.

Ombudsman əlilliyi olan şəxslərin, ahılların, uşaqların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsinə daim diqqətlə yanaşıldığını vurğulayıb.

S.Əliyeva Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumatları bu günədək təqdim etmədiyini bildirib. Həmçinin Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında mina terroru həyata keçirildiyi, basdırılmış minaların azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışı ləngitdiyi, aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaratdığı diqqətə çatdırılıb.

Görüşdə qonaqların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.("Report")

Oxşar xəbərlər