"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə bəyanatla çıxışı zamanı bildirib. O, qeyd edib ki, böyük potensiala malik olan Cənubi Qafqaz regionuna aid hər üç ölkə qarşılıqlı əlaqələri gücləndirmək üçün bir-birilə bağlı olmalıdır: "Bu kontekstdə "Sülh kəsişməsi" layihəsi yenilik deyil. Ermənistan Baş naziri bu layihəni Gürcüstanda təqdim edib. ABŞ prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında qurulan sülh, fikrimizcə, bölgənin inkişafına kömək edəcək. Bölgəmiz həqiqətən kəsişmə nöqtəsinə çevrilə bilər. Ermənistan və Azərbaycan arasında infrastruktur əlaqələrinin bərpası, ərazi bütövlüyü prinsipləri və digər yanaşmalar əsasında Ermənistan ərazisində “Tramp marşrutu”nun açılması irəli addımlamaq üçün bizə çoxlu imkanlar yaradır, həmçinin sabitliyi təmin edir".
Ararat Mirzoyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşdə də Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarının regionun gələcək inkişafı üçün geniş perspektiblər açdığını söyləyib. "News.am"ın yaydığı məlumata görə, erməni nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda paraflanmış sülh sazişi artıq bir sıra praktiki nəticələr verib. Onun sözlərinə görə, hazırda Bakı ilə İrəvan arasında yekun sazişin imzalanması ilə bağlı danışıqlar aparılır.
"Ermənistanla Türkiyə arasında münasibətlərin müsbət dinamikası da bizi sevindirir. Türkiyə ilə normallaşmanın Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə paralel şəkildə inkişafı Cənubi Qafqaz regionunda gərginlik dövrün artıq başa çatdığını deməyə əsas yaradır. Bütün bunlar regiona böyük fayda gətirəcək və deyə bilərik ki, artıq Cənubi Qafqazda yeni imkanlar erası başlayır", - deyə, Ermənistanın xarici işlər naziri əlavə edib.
Elxan SALAHOV