09.06.2025, 07:24
AZ EN
11.10.2023, 20:38 298

Səməd Seyidov: Azərbaycan Qarabağda terrorizmə və separatizmə son qoymaqla bu sahədə ilkə imza atdı

XƏBƏRLƏR
  • Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizin haqq səsini çatdırmaq üçün yorulmadan çalışır.

Ermənilər və onların havadarları burada da təxribatları davam etdirirlər. AŞPA-da mənim məruzəm əsasında hazırlanmış “İfrat sağçı ideologiya: Avropada demokratiya və insan haqları üçün çağırışlar” adlı qətnamə layihəsi gündəmə çıxarılanda Avropada irqçi, sağçı və radikal meyillərin, islamofobiya, ksenofobiyanın güclənməsindən danışanda erməni deputatlar irqçi və ksenofob yanaşmalardan əl çəkmədiklərini açıq şəkildə göstərdilər. Ermənilər azərbaycanlı olduğuma görə avropalı deputatları mənim məruzəmin müzakirəsində iştirak etməməyə çağırdılar və bununla da əsl simalarını Assambleyada hər kəsə göstərərək özlərini ifşa etdilər.

Bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Səməd Seyidov müsahibəsində deyib.

S.Seyidov bildirib ki, Assambleyanın üzvləri ermənilər tərəfindən əvvəlcədən hazırlanmış bəzi təklifləri rədd ediblər. Təşkilatdakı nümayəndə heyətimizin üzvləri öz sözlərini deyir və deyəcəklər. Avropada islamofobiya, ksenofobiya, antisemitizm meyilləri baş alıb gedir. Təəssüf ki, Avropa Şurasının təsisçilərindən biri olan Fransa bu istiqamətə dəstək, yəni, ilana zəhər verir. Bizə qarşı təzyiqlər olsa da, nümayəndə heyətinin hər bir üzvü bu istiqamətdə çıxışını davam etdirir.

“Azərbaycan Qarabağda terrorizmə, separatizmə son qoymaqla separatizmin ləğvi istiqamətində ilkə imza atdı. Avropada bütün belə “xəstəliklər”ə qarşı mübarizə aparmağı bəyan edirik. Belə halları ört-basdır etmək istəyən qüvvələr bilməlidirlər ki, biz öz mövqeyimizdən geri addım atmayacağıq. Otuz il ərzində davam edən işğal, azərbaycanlılara qarşı etnik təmizləmələr, insanlığa qarşı cinayətlər məhz bu Assambleyada, eləcə də digər beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlara, belə hallara göz yummalara görə baş verib. İkinci Dünya müharibəsindən sonra regionumuzda ilk dəfə separatizmə son qoyuldu, amansız terrora qarşı mübarizədə qələbə qazanıldı. Qərbin bacarmadığını Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müdrik siyasəti ilə regionda həyata keçirdi”, - deyə nümayəndə heyətinin rəhbəri bildirib.

2005-ci ildə məhz AŞPA-da Azərbaycanın torpaqlarının işğalından, xalqımıza qarşı aparılmış etnik təmizləmədən danışıldığını vurğulayan S.Seyidov deyib: “Buna baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilmədi, Azərbaycan torpaqlarının azad olunması ilə bağlı heç bir addım atılmadı. Bu, təkcə Avropa Şurası deyil, eləcə də BMT, ATƏT kimi beynəlxalq təşkilatlara, Minsk qrupuna da aiddir. Bütün beynəlxalq təşkilatlar bu barədə sözdə deyirdilər, ancaq hərəkət etmirdilər. Onların buna gücü çatırdı, ancaq iradələri, istəkləri yox idi. İkili standartlara son qoyulması, açıq, ədalətli siyasətin gündəmə gəlməsi, ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi və bununla da Avropada gedən proseslərə ciddi təsir göstərmək imkanını Azərbaycan Prezidentinin uzaqgörən siyasəti yaratdı. Azərbaycan Prezidentinin yürütdüyü siyasət güclü, sarsılmaz və möhkəmdir. Bu siyasətin qarşısında hər kəs acizdir”. (AZERTAC)

Oxşar xəbərlər