Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkinin başçılıq etdiyi nümayəndə heyəti Zəngəzur bölgəsinə səfər edib. Ermənilərin "Sünik" adlandırdığı bölgəyə səfərin məqsədi Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağdan buraya köçmüş sakinlərin vəziyyəti ilə tanış olmaqdır.
"Vətən səsi" xəbər verir ki, Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində səfərin nəticələrindən danışıb. O, deyib ki, Rusiya nümayəndə heyətinin Zəngəzur bölgəsinə səfər etməklə Qarabağı tərk edərək bu rayonda məskunlaşmış erməni sakinlərin ehtiyaclarını qiymətləndirmək istəyib. Səfər çərçivəsində həmçinin yerli hakimiyyət orqanları ilə bir sıra məsələlər müzakirə olunub.
Zəngəzur bölgəsi ilə bağlı prioritet vəzifələrin hansı sahələri əhatə etdiyininə dair sualı cavablandıran Kopırkin bildirib ki, yerli hakimiyyət orqanları ilə müzakirə olunan mühüm məsələlərdən biri Qafan şəhərində Rusiyanın Baş Konsulluğunun açılması ilə bağlı olub. O, xatırladıb ki, Rusiya rəsmiləri ilk dəfə 2023-cü ilin may ayında Zəngəzurda konsulluğun açılmasının mümkünlüyü barədə məlumat veriblər. Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi bu təşəbbüsü bəyənib: "Bu, yeni və çox vacib məqamdır. Bizim burada çalışan, bu açılışa hazırlaşan diplomatlar qrupu var".
Xatırladaq ki, Sergey Kopırkin Zəngəzura səfəri çərçivəsində vilayət administrasiyasının rəhbərliyi ilə görüş keçirib. Görüşdə Ermənistanda fəaliyyət göstərən Rusiya təşkilatlarının nümayəndələri də iştirak edib.
Elxan SALAHOV