20.09.2024, 11:24
AZ EN
22.09.2023, 14:45 328

Azər Qarayev: Qarabağın erməni sakinləri artıq ehtiyacı olan yardımları Azərbaycandan istəyir

XƏBƏRLƏR
  • Bölgədə baş verən bütün proseslər Azərbaycanın cızdığı plan üzrə gedir. Prezident İlham Əliyev növbəti dəfə göstərdi ki, nəyi, nə vaxt etmək lazımdır.

Bu sözləri təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycan Ordusu yüksək peşəkarlıqla Qarabağda antiterror tədbirlərini icra etdi, heç bir mülki obyekt, mülki şəxs hədəf alınmadı, qarşı tərəfin döyüş məntəqələri, hərbi obyektləri bir gün ərzində yüksək dəqiqliklə məhv edildi, nəticədə onlar ağ bayraq qaldıraraq təslim oldular və Azərbaycanın diktə etdiyi bütün şərtlərlə də razılaşdılar.

"Azərbaycan növbəti dəfə dünyaya humanizm dərsi keçdi. Təəssüf ki, bu dərsdən nəticə götürməyənlər də var. Ötən gün BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr aparılıb. Bu müzakirələrdə Azərbaycanın ünvanına müxtəlif ittihamlarla çıxış edənlər, əlbəttə, baş verənləri görməzdən gəlməkdə maraqlıdırlar.

30 illik işğal dövründə Ermənistan siyasi rəhbərliyinə güldən ağır söz deməyənlər, heç bir sanksiya, heç sözdə də bəyanat səsləndirməyənləri niyəsə Azərbaycanın öz ərazisində antiterror əməliyyatı keçirməsi ciddi narahat edib. Heç kim Ermənistana sual vermir ki, onun ordusunun silahlı birləşmələrinin Azərbaycan ərazisində nə işi var? Niyə bu birləşmələr 10 noyabr bəyanatına uyğun olaraq ərazidən çıxarılmayıb?"

Əlbəttə, bu kimi suallar çoxdur, amma artıq Azərbaycanı bu suallar maraqlandırmır, çünki hələ İkinci Qarabağ müharibəsində sübut etdi ki, öz hərbi-siyasi gücü hesabına məsələləri həll etmək iqtidarındadır. Artıq bunu bütün dünya bilir və bu fakt bəzilərini ciddi şəkildə narahat edir, Azərbaycanın bu qədər güclənməsi, müstəqil siyasət yürütməsi onları narahat edir".

Qarabağın erməni sakinləri üçün göndərilən yardımdan da danışan A.Qarayev bildirib ki, Azərbaycan öz vətəndaşlarının bütün ehtiyaclarını təmin etmək gücündədir.

"Biz bunu daha əvvəl də təklif etmişdik, lakin Qarabağdakı separatçı rejim erməni sakinləri əsarət altında saxladığından bu yardımları göndərmək mümkün olmurdu. Bu gün isə görürük ki, Qarabağın erməni sakinləri Azərbaycandan öz ehtiyacı olan yardımları istəyirlər, hətta siyahı da verirlər. Bu fakt da onların separatçıların və digər qüvvələrin əlində necə əsir olduqlarını göstərir.

Artıq Qarabağın dinc erməni sakinləri üçün də yeni dövrün təməli qoyulur, Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər Azərbaycan bayrağı altında təhlükəsiz şəkildə yaşayacaqlar. Azərbaycan vətəndaşlığını istəməyənlər üçün isə heç bir maneə yoxdur, onlar ərazilərimizi tərk edə bilərlər.

Hətta rəsmi Bakı Azərbaycanın tərksilah olan erməni separatçılar üçün amnistiya imkanını nəzərdən keçirdiyini də açıqlayıb. Bu da dövlətimizin növbəti humanist yanaşmasıdır. Azərbaycan öz mövqeyində qalır, qonşuları ilə sülh şəraitində yaşamaq istəyir. Ermənistan siyasi hakimiyyəti də konstruktiv mövqe nümayiş etdirərək, Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməli və prosesi uzatmamalıdır".

A.Qarayev onu da əlavə edib ki, məsələnin birinci mərhələsi yekunlaşır, Ağdam-Xankəndi yolu işlək vəziyyətdədir.

"Heç bir humanitar böhran və ya blokada olmadığı bütün dünyaya məlumdur. Qarabağın erməni sakinlərinə yardımı Fransa, Ermənistan və digər bir xarici dövlət yox, məhz Azərbaycan göndərir", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib. (Trend)

Oxşar xəbərlər