26.04.2024, 00:51
AZ EN
02.06.2022, 09:00 484

Qənirə Paşayeva: Ağalılılar Müstəqillik Gününü doğma el-obalarında qarşıladılar

XƏBƏRLƏR
  • Xalqımız Müstəqillik Gününü "Şuşa İli"ndə xüsusi təntənə ilə qeyd edir. Ümumiyyətlə, tarixi Zəfərimizdən sonra hər günümüzü, hər bayramımızı fərqli ab-havada, xoş ovqatla keçiririk. Müstəqillik günündən bir gün əvvəl Böyük Qayıdışın ilk addımı atıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilanın Ağalı kəndində zəngilanlılarla görüşdü, onların doğma yurda dönüşünü Böyük Qayıdışın kiçik addımı adlandırdı. Ağalılılar Müstəqillik Gününü öz doğma el-obalarında qarşıladılar.

Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyevin mayın 27-də Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışındakı və "TEKNOFEST- Azərbaycan" tədbirindəki nitqi bu günümüzün, gələcəyimizin izahı idi. Qarşıda duran hədəfləri açıqlayan Prezident İlham Əliyev həmin məqsədlərə çatmaq üçün yolları da göstərdi.

“44 günlük müharibə xalqımızın yüksək ləyaqətinin təsdiqi, uğurlarımızın parlaq ifadəsi oldu. Biz haqqın nazilsə də, qırılmayacağını bütün dünyaya sübut etdik. Biz sübuta yetirdik ki, Azərbaycan xalqı qəhrəman və vətənpərvər xalqdır”, - deyə Q.Paşayeva qeyd edib.

Deputat deyib ki, Ağalıdan əvvəl Böyük Qayıdışın ilk istiqaməti Cocuq Mərcanlı oldu. Xalqımız dövlətimizə, Müzəffər Ali Baş Komandanımıza həmişə inanırdı və bilirdi ki, Cocuq Mərcanlıda verilən vədlər nə vaxtsa reallığa çevriləcəkdir. 2020-ci ildə tarixi Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycan işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işləri aparmağa başladı. İnfrastruktur layihələri çox qısa müddət ərzində sürətlə və keyfiyyətlə icra olundu. Biz ermənilərin vandalizmini unutmuruq. Öz gücümüzlə, donora da ehtiyac duymadan qurub-yaradırıq.

Q.Paşayeva vurğulayıb ki, 30 illik işğala 44 gün ərzində son qoymaq və dərhal quruculuq işlərinə başlamaq hər dövlətin bacaracağı iş deyil. Ümummilli Lider “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyirdi, Prezident İlham Əliyevin isə "Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır" söyləməsi Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olmasının göstəricisidir. İqtisadi qüdrətimiz, güclü ordumuz, birliyimiz Zəfərimizi, ardınca isə Böyük Qayıdışı təmin edən amillərdir. Azərbaycan Lideri Ağalı kəndindəki nitqi ilə ötən illərə yekun vuraraq, bizi irəlidə daha böyük uğurların gözləyəcəyini bildirdi.

Komitə sədrinin sözlərinə görə, Ağalıda təməlqoyma mərasimindən cəmi 1 il sonra böyük miqyasda işlərin görülməsi onu deməyə əsas verir ki, Qarabağ tezliklə Qafqazın cazibə mərkəzinə çevriləcək. Qarabağda yaradılan gözəl şəraitdə orada yaşamaq, işləmək böyük zövq verəcək.

Sonda Q.Paşayeva əminliklə vurğulayıb ki, Azərbaycan öz güclü Liderinin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq və xalqımız bundan sonra müzəffər xalq kimi əbədi yaşayacaq. (AZƏRTAC)

Oxşar xəbərlər