Son bir neçə gündə Ermənistanın rəhbərliyi bir sıra anti-Rusiya istiqamətli hərəkətlər edib: əvvəlcə, baş nazir Nikol Paşinyanın “respublikanın təhlükəsizlik sahəsində ancaq bir ölkədən asılı olması strateji səhvdir” bəyanatı, sonra Ermənistan hökuməti tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya etmək üçün onun parlamentə göndərilməsi. Bu, BCM-in mart ayında həbsinə order verdiyi Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini mümkünsüz edir. Sonra İrəvan KTMT-dən öz daimi nümayəndəsini geri çağırdı və hələ də yenisini təyin etməyib. Onun müdafiə idarəsi isə elan edib ki, sentyabrın 11-20-də ABŞ ilə birlikdə Ermənistanda “Tərəfdaş Qartal-2023” (EAGLE PARTNER 2023) hərbi təlimləri keçiriləcək.
Ekspert əlavə edib: “Mənfi proqnoz gələcəkdə münasibətlərin pisləşməsindən ibarətdir, perspektivdə isə Moskva və İrəvan arasında müttəfiqlik münasibətlərinin pozulacağı da mümkündür. Təbii ki, baş verənlər, həmçinin Ermənistanın KTMT-də iştirakının dondurulması və ya hətta onun tərkibindən çıxması, müstəsna olaraq, baş nazir Nikol Paşinyanın siyasətidir. Bunun səbəbi nədir? Zənnimcə, bu suala cavabı iki müstəvidə vermək olar. Birincisi, aydındır ki, o vaxtlar Ermənistanda “məxməri inqilab”ın qələbəsi Qərb ölkələri, xüsusən ABŞ tərəfindən dəstəklənən qərbyönümlü siyasi güclərin zəfəri idi. Ona görə də Paşinyan lap əvvəldən Qərbin nüfuz mərkəzlərinin layihəsi olub. Digər tərəfdən, ölkəsi Rusiya ilə siyasi, iqtisadi, hərbi təmaslar sistemində olan baş nazir qəti addımlar ata bilmir və Rusiya Federasiyası ilə münasibətlərin pozulması üzrə hansısa çevik qərarlar qəbul etmək iqtidarında deyildi. Lakin Paşinyanın komandasının qərbyönümlü olması ilə bağlı düşünürəm ki, heç bir illüziya olmayıb. Beləliklə, bu gün baş verənlər erməni rəhbərliyinin müvafiq siyasi kursunun nəticəsidir”.
İkinci səbəbdən danışan İqor Korotçenko qeyd edib ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti və kapitulyasiyasından sonra bu ölkədə siyasi böhran başlayıb və Paşinyan bütün vasitələrlə öz hakimiyyətini qoruyub saxlamaq üçün siyasi manevrlər etməyə məcbur olub. Politoloq vurğulayıb: “Ermənistan cəmiyyətinin Qarabağı həmişəlik itirdiyini və yaxın vaxtlarda Qarabağ ermənilərinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiyası proseslərinin praktiki olaraq başlayacağını dərk etməsi şəraitində mütləq şəkildə narazılıqlar yaranır və insanlar vəziyyətin bu həddə çatmasında kimin təqsirkar olduğunu araşdıracaqlar. Paşinyan üçün sırf siyasi cəhətdən, hakimiyyətdə qalmasını təmin etmək üçün indi Rusiyanı bütün destruktiv proseslərin təqsirkarı elan etmək sərfəlidir ki, bu da bu və ya digər dərəcədə Ermənistanın maraqlarına təsir edir və onlara toxunur. Beləliklə, Paşinyanın anti-Rusiya ritorikası, sonradan isə Rusiya əleyhinə fəaliyyəti erməni cəmiyyətinə elə təqdim edilir ki, guya Rusiya Ermənistanın müdafiəsi üzrə öz öhdəliklərini yerinə yetirmir. Fikrimcə, indi bu iki amil vəziyyətin inkişafının gedişini və dinamikasını müəyyən edir”.
Ermənistan-Amerika hərbi təlimlərinə gəldikdə, ekspert onları Rusiyaya qarşı tamamilə düşmən hərəkəti adlandırıb. O, sözlərinə yekun vuraraq deyib: “Biz bu barədə İrəvanın bəyanatından sonra xəbər tutduq. Aydındır ki, bu məsələ əvvəlcədən Vaşinqton ilə Paşinyanın aparatı arasında gizli diplomatik kanallar vasitəsilə razılaşdırılıb. Bu, KTMT-yə üzv ölkə kimi, Ermənistanın öhdəliklərinə daban-dabana ziddir və mənfi xarakterli güclü əməli addımdır. Bu addım onsuz da əlverişli olmayan Rusiya-Ermənistan münasibətlərini ciddi şəkildə çətinləşdirir və daha da pisləşdirəcək. Bu məsələdə Moskvanın mövqeyi belədir: bir tərəfdən Paşinyan və onun komandasının bu cür hərəkətlərinin qəbuledilməz olması barədə siqnallar verilir, digər tərəfdən ehtimal olunur ki, hər şey yaxşı olacaq və Ermənistan KTMT-də qalacaq. Zənnimcə, həqiqət həmişə ortada olur, amma Rusiyanın Cənubi Qafqazda maraqları və Rusiya-Ermənistan münasibətləri üçün proqnoz mənfidir”. (AZƏRTAC)