Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”yə müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistan sülh prosesində irəliləyişin olmamasının bütün günahını Azərbaycanın üzərinə atmağa çalışır.
“Azərbaycan dəfələrlə öz xoşməramlılığını və sülh prosesini irəlilətmək üçün səmimi istəyini sübut edib. Ermənistana sülh sazişinin layihəsini biz təklif etmişik, kommunikasiya xətlərinin yenidən açılması və dövlət sərhədlərinin delimitasiyasından danışmağı təklif edən də bizik”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövləti suveren ərazilərindəki separatçı qurumu hazırkı humanitar problemdə yeganə cavabdeh tərəf kimi görür.
“Çünki onlar Azərbaycanı əhalini aclıqdan əziyyət çəkməkdə günahlandıraraq hər şeyi ağ-qara rəngdə təsvir etməyə çalışırlar, lakin eyni zamanda kompromis üçün hər hansı təklifi, digər yollarla bütün humanitar ehtiyacların, qidanın çatdırılmasını rədd edir. Onlar bütün humanitar yardımı, o cümlədən ərzağı başqa yollarla gətirmək üçün Azərbaycanın təklif etdiyi, hər bir maraqlı tərəfin dəstəklədiyi yolları bağlayıblar. Beləliklə, əgər əhalinin humanitar yardıma və ya qidaya ehtiyacı varsa, bunu həyati həll yollarını rədd edərək kiməsə sübut edə bilməzlər”, - o deyib. (APA)