14.07.2025, 04:13
AZ EN
04.08.2023, 13:07 431

Ceyhun Məmmədov: "Paşinyan anlamalıdır ki, həqiqəti əks etdirməyən açıqlamalar prosesə ancaq mənfi təsir göstərir"

XƏBƏRLƏR

Milli Məclisin deputatı Ceyhun Məmmədov yazır:

Prezident İlham Əliyev 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə  bir çox vacib məqamlara toxundu. Onlardan biri də Ermənistanın sülhə hazır olmaması ilə bağlı idi. Ermənistan rəhbərliyinin açıqlamaları göstərir ki, İrəvan əslində sülh prosesində maraqlı deyil. Ermənistan imitasiya ilə məşğuldur. Nikol Paşinyan hökuməti bir sıra açıqlamalarda guya sülhdə maraqlı tərəf olduğunu iddia etsə də, lakin Ermənistanın atdığı addımlar, əməli hərəkətlərinin heç biri sülhə töhfə vermir.

Bir yandan nisbətən müsbət açıqlamalar verilir, digər tərəfdən Laçın yolu ilə bağlı, o cümlədən Qarabağdakı ermənilərin durumu haqqında həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər.

Heç şübhəsiz ki, bu da iki ölkə arasında etimadın yaranmasına çox ciddi mənfi təsir göstərir. Beynəlxalq hüquqa əsasən, sözügedən bölgələr Azərbaycanın suveren əraziləridir. Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır.

Şuşada “Euronews” televiziya kanalına müsahibədə Prezident İlham Əliyev Ermənistandakı ermənilərə də önəmli mesaj verdi:. “Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”.

Onlar ya reinteqrasiya olmalı, ya da prezidentimizin qeyd etdiyi kimi əraziləri tərk etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqları təmin edilməklə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşündə tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması və sərhədlərin müəyyənləşməsi məsələsində razılıq olduğunu təsdiqləsə də, Laçın yolu ilə bağlı əsassız iddiaları da gündəmə daşıdı. Yenə Qarabağda ermənilərin "blokodasından" və "böhrandan" söz açaraq hər zamankı kimi rəsmi Bakını ittiham etdi.

Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Paşinyan anlamalıdır ki, həqiqəti əks etdirməyən açıqlamalar prosesə ancaq mənfi təsir göstərir, münasibətləri kəskinləşdirir. Əfsuslar ki, bu, artıq ənənə halını alıb.

Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalı, nəticənin əldə olunması üçün ortaya konkret mövqe qoymalıdır. Ziddiyyətli açıqlamalar verməklə irəliyə doğru yol qət etmək mümkün deyil.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər