Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, bu mənada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin Fransa hökumətinə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsini tələb etməsi hansısa fors-majora reaksiya yox, planlı çirkin fəaliyyətin bir hissəsidir: "Müraciətin məzmununa gəldikdə, bu, Fransa tərəfindən beynəlxalq hüquqa aşkar saymazyana münasibətdir. İlk növbədə, Fransa hakimiyyətinin təşviqi ilə "Dağlıq Qarabağ” ifadəsinin işlənməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə hörmətsizlikdir. Aydındır ki, bizim Dağlıq Qarabağ adlı inzibati vahidimiz yoxdur, lakin özünü bu adla adlandıran saxta separatçı "qurum" müvəqqəti özfəaliyyət formasında mövcuddur və separatizmə dəstək verməklə Fransa parlamentariləri BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə, beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə zidd hərəkət edir. Bu mənada müraciətdə Azərbaycanın ünvanına əsassız ittihamlar, qaldırılan iddialar səsləndiyi andan hüquqi cəhətdən etibarsız və yolverilməzdir”.
Deputat ermənilərin guya “etnik təmizləməyə” məruz qalması barədə iddialara da münasibət bildirib: "Əslində soyqırımı, etnik təmizləmə nədir, bunu Fransa özü hər kəsdən daha yaxşı bilir. 19-cu əsrin sonlarından etibarən yarım milyondan çox afrikalı və asiyalını qırğına məruz qoyan, Parisdə hələ də insan kəllələrindən muzeyi qorumaqla Fransanın imperialist keçmişi ilə qürur duyan, milli muzeyləri müxtəlif ölkələrdən talanmış, oğurlanmış qiymətli eksponatlar hesabına dünya şöhrəti qazanan bir ölkənin kimisə etnik təmizləmədə günahlandırmağa mənəvi haqqı yoxdur.
Digər tərəfdən, 30 il bölgədə işğal və təcavüzə dəstək vermiş Fransa bu gün Cənubi Qafqazda mövcud olmağa və bütövlükdə Qafqaz barədə danışmağa söz haqqını itirib. Azərbaycana gəlincə, hər kəs bilsin ki, Bakı məqbul bildiyi formada davranmaqda davam edəcək və cənab İlham Əliyev beynəlxalq hüququ rəhbər tutduğu üçün onun qərarlarına qarşı çıxmaq, siyasi şantaja əl atmaq əslində beynəlxalq hüququn özünə qarşı çıxmaqdır. Fransa isə yaxşı olar ki, öz daxili problemlərinə yönələrək insan haqları, ayrı-seçkilik, mediaya divan tutulması kimi çirkabı təmizləməyə diqqət ayırsın”. (APA)