09.06.2025, 07:33
AZ EN
01.08.2023, 16:23 261

Separatçıların Xankəndidən qaçış yolları bağlanıb

XƏBƏRLƏR

Ermənistanın Qarabağa göndərdiyi TIR-lar da hələ “Laçın” postu yaxınlığında gözləyir

  • Artıq bir həftədir ki, “Laçın” sərhəd buraxılış məntəqəsində erməni təxribatı davam edir. “Vətən səsi” xəbər verir ki, bu barədə Azərbaycan dövlət televizyasının (AzTV) bölgəyə ezam olunmuş əməkdaşları bildiriblər. Qeyd olunur ki, hazırda sərhəddə vəziyyət stabil olsa da, ümumi gərginlik səngiməyib. Belə ki, Ermənistan hökuməti Azərbaycanla  razılaşdırmadan Qarabağ iqtisadi zonasında yaşayan etnik ermənilərə “humanitar yardım” göndərmək istəyində israr edir. Ancaq bunun üçün Azərbaycan hökumətindən razılıq alınmayıb və bu səbəbdən “humanitar yardım”la yüklənmiş avtomobil karvanı hələ də bir həftə öncə dayandıqları yerdədir.

Azərbaycanın suveren ərazisində isə vəziyyət stabildir, hərbiçilərimiz öz vəzifələrini yerinə yetirirlər. Belə ki, ərazi daimi olaraq sərhədçilərimiz müşahidə altında saxlanılır. Həmçinin Dövlət Gömrük Komitəsinin əməkdaşları da “Laçın” sərhəd-buraxılış məntəqəsində xidmətlərini davam etdirir. Bir daha qeyd olunur ki, nəqliyyat vasitələrinin “Laçın” sərhəd buraxılış məntəqəsindən keçidi yalnız Azərbaycan tərəfi ilə razılı əsasında mümkündür.

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) aid avtomobillərin isə hər iki istiqamətdə hərəkətində hər hansı maneə yoxdur. Bu gün də Azərbaycan hökuməti ilə razılaşdırılmış qaydada BQXK-nin avtomobillərinin sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verilib. Keçid zamanı Qarabağ iqtisadi zonasında yaşayan etnik ermənilərin sənədləri həmişəki qaydada yoxlanılıb, yüklər skan edilməklə baxışdan keçirilib. Qarabağda yaşayan ermənilər üçün göndərilən hər hansı humanitar yüklər isə yalnız Ağdam-Xankəndi yolu ilə daşına bilər.

Xatırladaq ki, ötən həftə Ermənistan hökuməti ümumi çəkisi 400 ton “humanitar yardım”ı Qarabağa çatdırmaq qərarına gəlib. Bundan sonra hələ mənşəyi məlum olmayan mallarla yüklənmiş TIR-lar Azərbaycanla razılaşdırılmadan Laçın istiqamətində yola salınıb. Ermənistan hökuməti və separatçılar rəsmi Bakının Qarabağdakı erməni əhalisinin ərzaq, geyib, tibbi ləvazimatlar və digər zəruri ehtiyaclarla təminatının Ağdam-Xankəndi yolu vasitəsilə həyata keçirilməsi təklifini qulaqardına vurmaqda davam edir.

Elxan SALAHOV

Oxşar xəbərlər