“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatında müxtəlif səpkili məlumatlar yayılıb. Məlumatlarda deyilir ki, bu il aprelin 23-də quraşdırılmış, Azərbaycan sərhədçilərinin xidmət etdiyi “Laçın” sərhəd-keçid məntəqəsi Qarabağda yaşayan ermənilərin üzünə bağlanandan sonra bölgə “humanitar fəlakət” təhlükəsi qarşısındadır. Güya, Qarabağda yaşayan ermənilərinin dərdini çəkən Ermənistan hökuməti “blokada şəraitində acından və xəstəliklərdən əziyyət çəkən” Xankəndi, Xocalı və Ağdərə sakinlərinə humanitar yardım aparan avtomobil karvanının “Laçın” postundan içəri keçirilməsi ilə bağlı qərarın icrasında israrlıdır. Buna görə də bu gün Ermənistandakı xarici ölkə səfirləri, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Azərbaycanla sərhədə toplaşacaqlar. Toplanış ünvanı kimi “Laçın” sərhəd-buraxılış məntəqəsindən 12 kilometr məsafədə yerləşən Gorusun Gorunzur (ermənilər XIX əsrdən məskunlaşmağa başladığı bu kəndin adını dəyişərək “Karnidzor” qoyublar) kəndinin ərazisi seçilib.
Ermənistan mətbuatında yayılmış fotoşəkillərdən də görünür ki, diplomatik korpusların nümayəndələri “humanitar yardım”la yüklənmiş maşın karvanının toplandığı əraziyə səfər ediblər. “Qarabağdakı humanitar böhranın idarə olunması” üzrə işçi qrupunun nümayəndəsi Vardan Sarkisyan bildirib ki, 400 ton “humanitar yardım”la yüklənmiş maşın karvanı iyulun 26-da axşam saatlarında Ermənistandan Azərbaycana doğru yola düşüb. Lakin “Laçın” postundan Qarabağa keçməli olan avtomobil karvanı təyinat məntəqəsinə yetişməyib. Buna səbəb “humanitar yardım”ın Azərbaycanla razılaşdırılmadan nümayişkaranə şəkildə “Laçın” sərhəd-buraxılış məntəqəsinə doğru göndərilməsidir: “Humanitar yardım daşıyan TIR-lardan 19-u iki gündür “Laçın” postunun yaxınlığında gözləyir, Azərbaycan tərəfi maşın karvanının Laçından Xankəndiyə keçməsinə icazə vermir”.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistandan gələn nəqliyyat vasitələrinin “Laçın” postundan keçidinə icazə verilməyəcəyini, humanitar yardımların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib. Bildirilir ki, rəsmi Bakı Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyulan ərzaq və digər zəruri məhsulları ilə təminatın Ağdam-Xankəndi yolu vasitəsilə həyata keçirilə biləcəyi iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşdə də razılaşdırılıb. Son günlər isə Ermənistan hökumətinin “humanitar yardım”la yüklənmiş TIR-ları nümayişkaranə şəkildə Qarabağa çatdırmaq cəhdləri manipulyasiyadan başqa bir şey deyil. Ermənistan yük yük karvanını Azərbaycanın dövlət sərhədində cəmləşdirməklə, Yerevandakı xarici ölkə səfirləri, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələrini bu prosesə cəlb etmklə Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə və sülh danışıqlarını pozmağa çalışırlar.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə dünənki açıqlamasında Ermənistanın bu hərəkətlərini şou, spekulyasiya, manipulyasiya və dünya ictimaiyyətini aldatmağa yönələn oyun adlandırıb. O, Ermənistan hökumətinə, Qarabağdakı separatçılara və onların xaricdəki havadarlarına səslənərək “Oyun bitdi!” şəklində sərt xəbərdarlıq edib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə erməni lobbisinin təsiri altında olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı dünənki bəyanatını şərh edərkən heç bir halda Azərbaycanın severen hüquqlarını şübhə altına ala biləcək hərəkətlərə yol verilməyəcəyini bildirib: “Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və salahiyyəti mövcuddur. Bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb”.
Belə görünür ki, Ermənistanın xarici ölkə səfirlərini, diplomatik korpusların nümayəndələrini və digərlərini “Laçın” postunun yaxınlığına toplaması da əvvəlki təxribatlar kimi nəticəsiz ötüşəcək.. Əksinə, işğalçı Ermənistan və Qarabağdakı separatçılar bu hərəkətləri ilə Azərbaycan qanunlarına tabe olub rahat və təhlükəsiz yaşamaq istəyən sadə erməniləri daha çətin vəziyyətdə qoyur...
Elxan SALAHOV