23.12.2024, 05:29
AZ EN
27.07.2023, 15:46 88

Dmitri Savelyev: Şuşada keçirilən Media Forumu Azərbaycanı qlobal informasiya məkanında tanıtmaq üçün vasitələrdən biridir

XƏBƏRLƏR
  • Bu günlərdə Şuşa şəhərində keçirilən “4-cü Sənaye inqilabı dövründə Yeni Media” adlı Qlobal Forumda 49 ölkədən 150 kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən media sahəsinin gələcəyi müzakirə olundu.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun koordinatorunun müavini Dmitri Savelyev müsahibəsində bu tədbirin Azərbaycan mediası və Rusiya-Azərbaycan münasibətləri üçün əhəmiyyətindən danışıb.

Forumun keçirilməsi üçün hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinin seçilməsi haqqında suala cavab verən Rusiya parlamentinin üzvü qeyd edib ki, ötən il 270 illiyini qeyd edən Şuşa şəhəri rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada artıq bir sıra böyük musiqi, poeziya və idman tədbirləri keçirilib və Media Forumu da bu siyahıda yer alır. “İkincisi, Şuşa azərbaycanlılar üçün Qələbə və azad olunmuş torpaqların bərpası rəmzinə çevrilib. Burada fəal şəkildə yaşayış və sosial infrastruktur yaradılır, məscidlərin və tarixi abidələrin yenidən qurulması aparılır. Bütün dünyadan Şuşaya gəlmiş KİV nümayəndələri Qarabağın dirçəlişini, Azərbaycanın işğaldan əziyyət çəkmiş bir milyon məcburi köçkününün doğma yurdlarına qayıtmasına yönələn Böyük Qayıdış Proqramını təcrübədə necə reallaşdırıldığını öz gözləri ilə görə və ölkələrinin auditoriyasına çatdıra bildilər. Düşünürəm ki, sülhə və quruculuğa can atan Azərbaycan üçün bu beynəlxalq rezonans çox vacibdir”, - deyə Dmitri Savelyev bildirib.

- Hər il keçirilməsi qərara alınan Şuşa Forumunun beynəlxalq media sahəsi üçün əhəmiyyəti nədir?

- Peşəkar təcrübə mübadiləsi və dünya KİV-ləri ilə əməkdaşlığın genişləndirilməsi istənilən ölkə üçün əhəmiyyətlidir. Bundan başqa, artıq Qarabağ müharibəsindəki Qələbədən sonra aydın oldu ki, Azərbaycanın tarixi beynəlxalq auditoriya üçün kifayət qədər geniş işıqlandırılmayıb. Bu gün vəziyyət əsaslı şəkildə dəyişib: respublikada Medianın İnkişafı Agentliyi yaradılıb, çox sayda nəşrlər buraxılır, dünyanın müxtəlif dillərində internet saytları mövcuddur. Bütün bunlar Azərbaycana qlobal miqyasda özü və uğurları barədə var gücü ilə bəyan etməyə, eləcə də ölkəyə qarşı aparılan informasiya müharibəsini dəf etməyə imkan verir. Şuşa şəhərində keçirilən Media Forumu Azərbaycanın qlobal informasiya məkanında tanıdılması üçün vasitələrdən biridir, şübhəsiz ki, respublikada uğurla keçirilən digər beynəlxalq tədbirlər kimi, bu Forum da peşəkar ictimaiyyət üçün əlamətdar hadisəyə çevriləcək.

- Prezident İlham Əliyevin Forumun iştirakçıları ilə canlı ünsiyyətə çox vaxt sərf etməsi də Media Forumunun əhəmiyyətindən xəbər verir.

- Bəli, Forumun işinin ilk günü İlham Heydər oğlu üç saata yaxın Forum iştirakçılarının suallarını cavablandırdı və fikrimcə, bu, bütün tədbirə çox güclü impuls verdi. Prezident özü sosial şəbəkələrdə yüksək fəallıq nümayiş etdirərək, geniş auditoriyaya fəaliyyətindən açıq və aşkar şəkildə bəhs edir. Bundan başqa, onun etiraf etdiyinə görə, sosial şəbəkələr də, ənənəvi KİV-lər də eyni dərəcədə Prezidentə işində kömək edir, çünki onlar respublikadakı hadisələr haqqında operativ informasiya təqdim edir və bir çox dövlət məsələlərinin həllində qabaqcadan reaksiya verməyə imkan verirlər.

- Azərbaycan Prezidenti İlham Əliyev KİV nümayəndələri ilə ünsiyyət zamanı Rusiya jurnalistlərinin suallarını da cavablandırdı. Rusiya media sahəsi Prezidentin Forumdakı çıxışına necə reaksiya verdi?

- İxtisasca diplomat olduğuna görə Prezident İlham Əliyev ingilis, fransız və türk dillərini mükəmməl bilir, lakin Rusiya ilə müttəfiqlik münasibətləri və Vladimir Putin ilə səmimi şəxsi təmasları fonunda düşünürəm ki, rus dili onun üçün xüsusi əhəmiyyət kəsb edir. Rus dilində verilən cavablar isə Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl gətirməyə çalışan siyasi düşmənlər üçün bir növ siqnal oldu. Son zamanlar geosiyasi vəziyyətin nə dərəcədə köklü şəkildə dəyişməsinə baxmayaraq, ölkələrimiz arasında müttəfiqlik münasibətləri yüksək səviyyədə olaraq qalır, Bəyannamənin müddəaları isə yerinə yetirilməkdə davam edir.

Həmçinin vurğulamaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinə qovuşduğu andan bəri respublikada rusdilli KİV-lərin payı 20 faizdən 36 faizədək artıb, bu da həm azərbaycanlıların rus mədəniyyətinə marağından, həm də ölkələrimiz arasında münasibətlərin keyfiyyətindən xəbər verir. Rusiya və Azərbaycanın media sahəsinin nümayəndələri dostluq əlaqələrimizin mökhəmləndirilməsinə xidmət edərək, biri-birilərindən çox şey öyrənə bilərlər. (AZƏRTAC)

Oxşar xəbərlər