Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası adından Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinə və digər müvafiq beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkar Əliyev Sahib İsa oğlunun bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat verilib.
Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasının davam etməsinin, eləcə də beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişinin göstəricisi olan bu insidentin İsveçrədə yaşayan soydaşlarımızı dərindən narahat etdiyi bildirilib.
Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsi və ya yaralanması ilə nəticələndiyi, bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına, bölgədə həyata keçirilən bərpa-yenidənqurma işlərinə böyük əngəllər törətdiyi bir daha diqqətə çatdırılıb.
Şura beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana təzyiq göstərməyə çağırıb. ("AZERTAC")