30.04.2024, 13:21
AZ EN
12.07.2023, 11:13 147

Sahil Kərimli: Humanitar təşkilatın qaçaqmalçılıq fəaliyyəti ilə bağlı ciddi ölçü götürülməlidir

XƏBƏRLƏR
  • Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycanın Qarabağ bölgəsindəki fəaliyyəti ciddi narahatlıqlar doğurur. Qurum öz səlahiyyətlərindən istifadə edərək ərazilərimizdə qaçaqmalçılıqla məşğul olub və bu neqativ hallar Azərbaycan dövlətinin maraqlarına, ərazi bütövlüyünə hörmətsizlikdir.

Bunu açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, Azərbaycan tərəfi suveren ərazilərimizdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə yalnız humanitar məqsədlərlə fəaliyyətə icazə verir. “Ölkəmiz tərəfindən BQXK-nın fəaliyyətinə kifayət qədər şərait yaradılıb. Bunun üçün təşkilatın Bakı ofisi var və Azərbaycanın Qarabağ bölgəsində sərbəst fəaliyyət göstərə bilər. Lakin BQXK-nın hazırkı fəaliyyətini qurumun Ermənistanda yerləşən nümayəndələri həyata keçirirlər. Onların Qarabağ bölgəsinə gediş-gəlişinin heç bir hüquqi əsası yoxdur. Görünən odur ki, BQXK özbaşınalıq edərək öz çirkin məqsədlərini həyata keçirir. Son rəsmi məlumatlardan da görünür ki, təşkilat uzun müddətdir Ermənistandan Azərbaycan ərazilərinə qaçaqmalçılıq yolu ilə gizli yüklər daşıyır. Böyük ehtimal ki, bu yüklərin içərisində qanunsuz silah-sursat da olub. Artıq şübhə yoxdur ki, Ermənistandan Azərbaycan ərazisinə gizli şəkildə hərbi ləvazimatlar daşınıb. Bu kimi hallar ciddi qanun pozuntusudur və dərin təəssüf doğurur”, - deyə siyasi şərhçi diqqətə çatdırıb.

Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsas məramı humanitar yardımlar daşımaq və xoşniyyətli fəaliyyət göstərmək olmalıdır. Lakin, biz bunun əksini müşahidə edirik. Təşkilat bununla öz nüfuzuna xələl gətirir, beynəlxalq aləmdəki imicinə zərər vurur. Bütün bunlar dözülməz haldır. Daha bir qəbuledilməz hal isə təşkilatın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana düşmənçilik bəsləyən ölkələrin vətəndaşlarının olmasıdır. Həmin şəxslər əlbəttə ki, öz fəaliyyətlərində bu düşmənçiliyi əsas götürür, ölkəmizin milli maraqlarına zərbələr vurmağa çalışırlar.

“Heç kim zəmanət verə bilməz ki, bu şəxslər ərazilərimizdə sərbəst hərəkət edərək gizli vasitələrlə hərbi məlumatları düşmən tərəfə ötürmür. Bütün bunları nəzərə alaraq demək olar ki, BQXK-nın qanunsuz fəaliyyəti ilə bağlı ciddi ölçü götürülməlidir. İnanırıq ki, Azərbaycan dövləti tezliklə məsələ ilə bağlı öz qətiyyətli mövqeyini nümayiş etdirəcək”, - deyə Sahil Kərimli vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər