Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Qəbul edilmiş sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr “2024-cü ildə Parisdə siyasi cəhətdən neytral Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsini gözləyirlər”. Bəyannamədə həmçinin vurğulanır ki, Olimpiya Hərəkatına daxil olan idman təşkilatları Olimpiya Xartiyasında nəzərdə tutulduğu kimi neytrallığı qoruyub saxlamalı və Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı "bütün müxtəlifliyi ilə bəşəriyyətin birliyinin simvolu" olacaq", - deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Görüşü keçirilib.
Ümumilikdə Nazirlər Görüşünə 93 ölkənin, 11 beynəlxalq təşkilatın, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərin, Qoşulmama Hərəkatına müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunmuş ölkə və təşkilatların nümayəndələri qatılıb. (Trend)