Müstəqil Azərbaycan dövlətinin Qurtuluş günündə - 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix salnaməsini yazdılar. Ulu Öndərin dühasından doğan qurtuluş yolunun bu gün bütün türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir. Qardaşlığın yeni tarixi mərhələsinə qədəm qoyuldu - Şuşa Bəyannaməsi imzalandı və hər iki ölkənin parlamentində ratifikasiya olundu.
Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov söyləyib.
İki ölkənin liderinin iştirakı ilə Şuşada Bəyannamənin imzalanması mərasiminin və parlamentdə bu tarixi sənədin qəbul olunması prosesinin iştirakçısı olduğu üçün qürur duyduğunu vurğulayan komitə sədri əlavə edib: “Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır və iki qardaş ölkənin hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliyinin hüquqi əsasıdır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” kəlamlarının da əksini tapdığı və tarixə əsaslanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyinin, keyfiyyətcə daha yüksək işbirliyinin rəsmi təminatıdır. Strateji əhəmiyyət kəsb edən Bəyannamədə bir çox önəmli məsələlər - beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti öz əksini tapıb. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir”.
Əhliman Əmiraslanovun sözlərinə görə, həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bəyannamədə, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsində Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır və bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Həmçinin Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir.
“Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Ümumilikdə Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini Şuşa Bəyannaməsi ilə daha da dərinləşdirərkən buna üçüncü tərəfə qarşı deyil, sadəcə özlərinin təhlükəsizliyi baxımından zəruri hesab edərək qərar veriblər”, - deyə Əhliman Əmiraslanov vurğulayıb. (AZƏRTAC)