Bu, 9 May - faşizm üzərində Qələbə Günü ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilir ki, bu Qələbənin əldə edilməsində Azərbaycan xalqının önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.
Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib.
“Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə qeyd edir. Beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan, beynəlxalq hüquq və ədalət uğrunda mübarizəni hər zaman dəstəkləyir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, habelə 1941-1945-ci illər müharibəsində canından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.