Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib.
Qeyd edilib ki, forum çərçivəsində "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq" (“Energy and Climate Security: Lessons Learned and Way Ahead”) adlı panel müzakirələrində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan əlaqələri və regionda sülh prosesi barədə danışıblar.
Hikmət Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziləri uzunmüddətli işğaldan azad olunub. O qeyd edib ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. Hikmət Hacıyev həmçinin tərəflər arasında baş tutmuş görüşlərə diqqət çəkərək əlavə edib ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir.
Armen Qriqoryan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Azərbaycanla Ermənistan arasında ən böyük məsələ Qarabağ məsələsidir. O, Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsini əsas götürməyi təklif etdiyini deyib və əlavə edib ki, Ermənistan öz ərazisində dəhlizin yaradılmasına heç zaman razılıq verməyəcək. Hikmət Hacıyev cavabında bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Azərbaycana məxsus Qarabağ bölgəsinə silah göndərir.
Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir: “Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq. Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə, Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Esmira Cəfərova və baş məsləhətçisi Şahmar Hacıyev də GLOBSEC 2023 Forumunda iştirak edib. GLOBSEC-lə əməkdaşlıq çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan nəticələr və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub. Tədbirdə çıxışı zamanı Esmira Cəfərova Avropada mövcud olan enerji böhranı və Aİ-Azərbaycan enerji tərəfdaşlığı barədə danışıb. (APA)