21.11.2024, 17:51
AZ EN
25.02.2022, 15:18 150

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) BƏYANATI

XƏBƏRLƏR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bəyanat verib. Qurumun rəsmi internet səhifəsində (https://ombudsman.az/) Azərbaycan və ingilis dillərində yerləşdirilmiş Bəyanatın mətnini təqdim edirik.

“XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriy­yətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 30 il ötür.

Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüzminlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır.

Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdir.

Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərək, işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Həmin dövrdə dünyanın bir sıra aparıcı telekanalları, “The Times”, “The Guardian” qəzetləri, “Reuters”, “BBC” agentlikləri Xocalıda xüsusi qəddarlıqla törədilən insanlığa qarşı cinayətlər barədə məlumat yaymışdır.

“Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch” təşkilatının hesabatlarında Xocalıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli cinayətlər barədə məlumatlar öz əksini tapmışdır.

Xocalıda mülki əhalinin məhz etnik mənsubiy­yətinə görə kütləvi və məqsədyönlü şəkildə qırğını BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.

Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində bir sıra beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın, “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, “Uşaq hüquqları haqqında” Kon-vensiyanın və “İnsan hüquqlarının və əsas azadlıq­larının müdafiəsi haqqında” Avropa Konvensiya­sının, “Mülki və siyasi hüquqlar haqqında“ Beynəlxalq Paktın, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt“ın tələbləri kobud şəkildə pozulmuşdur.

Soyqırım siyasətini davam etdirən Ermənistan İkinci Qarabağ müharibəsi dövründə də hərbi əməliyyatların baş verdiyi ərazilərdən kilometrlərlə uzaqda olan, mülki əhalinin sıx yerləşdiyi şəhər və kəndləri ballistik raketlərlə, kasetli bombalarla hədəfə almış, bunun nəticəsində 12-si uşaq olmaq­la, 100-ə yaxın mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 400-dən çox insan yaralanmışdır.

Həmin dövrdə Ermənistanın mülki obyektlərə hücumları 3410-dan çox evin, 120 çoxmənzilli yaşayış binasının və xeyli sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastrukturun dağılmasına səbəb olmuşdur.

Ölkəmizə qarşı yönəlmiş hərbi təcavüzün qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaq­larımız qısa müddət ərzində azad edilmiş, soydaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi üçün əsas yaranmışdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmışdır.

Qarabağla bağlı həqiqətlərin, xüsusilə də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası müstəsna rola malikdir.

Hazırda 17 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı Xocalıda törədilmiş qətliamı pisləyən qətnamə və qərarlar qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.

Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı münaqişədən bu günədək Xocalıda itkin düşmüş şəxslər də daxil olmaqla, əsir və girov götürülmüş, itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyindən xəbər yoxdur.

Dünya ictimaiyyəti beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozan Ermənistana münasibətdə təsirli tədbirlər görməli, əsir və girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi barədə məlumatların əldə olunması məqsədilə cavabdeh dövlətə təzyiqlər etməlidir.

Xocalı soyqırımı öz miqyasına, qəddarlığına və qeyri-insani cəza üsullarına görə XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarındandır.

Soyqırımının törədilməsindən 30 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara yol verilərək, bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.

Dünya ictimaiyyəti, əlaqədar beynəlxalq təşkilatlar Xocalıda törədilmiş soyqırımı aktına adekvat reaksiya verməli, bu cinayət soyqırımı kimi tanınmalı, onun sifarişçiləri, icraçıları ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Oxşar xəbərlər