"Vətən səsi" xəbər verir ki, bir neçə gün əvvəl müxtəlif informasiya kanalları vasitəsilə yayılan məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiqləyib. Nazirlik rəsmisi qeyd edib ki, görüşün Nyu-Yorkda keçirilməsi planlaşdırılıb.
"Turan" agentliyinin yaydığı məlumatda isə bildirilir ki, ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə razılaşdırılmış görüşün əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının “son mərhələsi” hesab edilən prosesi başlamaq üçün tərəflərə lazımi dəstək vermək və onları buna hazırlamaqdır. Bu barədə agentliyin Vaşinqton müxbirinə vəziyyətlə tanış olan iki mənbə məlumat verib. Lakin sülh sazişi layihəsinidə “son mərhələ"nin nədən ibarət oldugu barədə açıqlama verilməyib.
Xatırladaq ki, Ceyhun Bayramov və Ararat Mirzoyan BMT-nin Baş Assambleyasında iştirak etmək üçün hazırda Nyu-Yorkdadırlar. Onlar Blinkenin üç aydan da az müddətdə ABŞ-da azərbaycanlı və erməni həmkarları ilə planlaşdırılan ikinci üçtərəfli görüşdə iştiraka razılıq veriblər. Dövlət Departamentinin sözçüsü Metyu Miller "Turan"ın Vaşinqton müxbirinə bildirib ki, tərəflər sülh sazişi üzərində işlədiyi bir vaxtda ABŞ Azərbaycan və Ermənistana "mümkün olan istənilən yolla", "faydalı olarsa, yeni görüşün təşkil edilməsi də daxil olmaqla" dəstək vermək niyyətindədir.
Dövlət Departamentinin məlumatına görə, Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda danışıb və tərəflər arasında son nailiyyətləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı alqışlayıb.
Belə görünür ki, ABŞ dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistandan olan nazirlər arasında keçirilən üçtərəfli görüş sülh danışıqlarının son mərhələyə doğru irəliləməsi üçün mühüm addım olacaq. Bu addımın real vəziyyətə necə təsir edəcəyi və onun hansı nəticələr doğuracağı hələ ki, bəlli deyil. Amma Nyu-Yorkda üçtərəfli görüşün indiyədək ən müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasını yubatmağa çalışan Ermənistanın nəhayət ki, doğru yola gəlməsinə və sülh danışıqları prosesinin son mərhələyə çatmasına böyük töhvə verə biləcəyinə də inam az deyil.
Elxan SALAHOV