Məsələ ilə bağlı Milli Məclisin deputatı Musa Qasımlı “Xəzər” TV-yə açıqlamasında bildirib ki, İrana dini təhsil almağa gedənlərin çoxu təsir altına düşürlər. Azərbaycan vətəndaşları istənilən ölkədə istədikləri təhsili ala bilərlər. Lakin ölkə seçimində ayıq-sayıq olmaq mütləqdir: “Bizim vətəndaşlarımız, hər bir şəxs aydın şəkildə bilməlidir ki, qonşu İran İslam Respublikasının dini mərkəzlərində gedib təhsil alan və bir neçə il orada oturan şəxs artıq Azərbaycan üçün böyük bir problemdir. Onlar Azərbaycanın adamı deyillər. Onlar bəlli təsirlərin altındadırlar, onların artıq bağlantıları var”.
Millət vəkili daha sonra bildirib ki, bu məsələdə kifayət qədər laqeydlik də xeyli sayda azərbaycanlıların aldanmasına səbəb olub. Amma artıq diqqətli olmaq vacibdir: “Dini təhsil məsələsində, dini məsələlərdə və digər təriqət məzhəbi və başqa məzhəblərdə qətiyyən yanlışlığa yol vermək olmaz.
Cənab Prezidentimizin sərəncamı ilə ölkəmizdə İlahiyyat İnstitutu yaranıb. Orda İslamın əsasları öyrədilir, din xadimləri, din üzrə alimlər də yetişir”,-deyə millət vəkili vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ