Bu barədə Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolunun çəkildiyini qeyd edən dövlətimizin başçısı deyib ki, bu yol tam yeni və daha əlverişli marşrutla keçir. Həm vətəndaşlar bu yolla rahat gedib-gələcəklər, həm də beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaq.
“Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır”, - deyə Azərbaycan Prezidenti əlavə edib.