19.10.2024, 15:24
AZ EN
06.05.2023, 12:59 130

Ceyhun Məmmədov: "Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdı"

XƏBƏRLƏR
  • "Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi həqiqətlər dəyişməz olaraq qalır. Bu həqiqət keçdiyimiz tarixi yolun mənzərəsində özünü büruzə verir, bir millətin və dövlətin var olmasında, liderlik faktorunun önəm daşıdığını təsdiq edir".

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan xalqı da şəxsiyyət böyüklüyünün qüdrətini və müstəqil bir dövlətin vətəndaşı olmaq xoşbəxtliyini yaşadı, xalqın gələcəyi üçün çalışmağın aliliyini, vətəni canından artıq sevməyi məhz ondan öyrəndi:

"Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin əsas və ali məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi.

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdı. Ulu öndərin ən başlıca keyfiyyətlərindən biri də öz xalqına ürəkdən bağlılığı, milli ideya və dəyərləri, dilimizi, dinimizi yaşadıb daha da inkişaf etdirmək idi. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.

Azərbaycan xalqının çoxəsirlik adət-ənənələrinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Böyük qürur hissi və fəxrlə “Mən öz mənalı həyatımı xalqımın bu günü və sabahı ilə yaşamışam” söyləyən bu böyük şəxsiyyətin həyat amalı bütün varlığı qədər sevdiyi xalqına və dövlətçiliyimizə, ölkəmizin siyasi, iqtisadi, mənəvi inkişafına xidmət olub. Özünün dəfələrlə bəyan etdiyi kimi, bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb".

C.Məmmədov daha sonra fikrini belə ifadə edib: "Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görünür ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiklərini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında öz layiqli yerini tutmuşdur.

Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtçiliyi üçün çırpınmışdır.

Ulu Öndər 1993-cü ilin sentyabr ayında Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” - deyə söyləmişdir. Ümummilli liderimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.

Xalqımız Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərini heç zaman unutmayacaq", - deyə millət vəkili fikrini tamamlayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər