18.01.2026, 10:15
AZ EN
25.12.2025, 10:53 237

Ermənistanda kilsə mifi dağılır

XƏBƏRLƏR
  • Bütün ermənilərin katolikosu II Qareginlə Paşinyan hökuməti arasında uzun müddətdir davam edən qarşıdurma kilsənin torpaq sahələri üzərində mülkiyyət hüququnun itirməsi ilə nəticələnə bilər.

"Vətən səsi" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilir ki, Ermənistan hökuməti kilsənin torpaq sahələrinə mülkiyyət hüququnu ləğv etmək niyyətindədir. Bu məsələ Ermənistan Respublikasının Torpaq Məcəlləsinə təklif edilən düzəlişlərdə də əksini tapıb.

"Düzəlişlər Eçmiədzindən kilsə torpaqlarının mülkiyyət hüququnun alınmasını nəzərdə tutur. Bununla belə, qanun layihəsinə əsasən, kilsənin torpaq sahələrindən pulsuz istifadə hüququ saxlanılır. Artıq siyasi qərar verilib və layihə parlamentin plenar iclasının gündəliyinə daxil edilib".

Xatırladaq ki, Ermənistan hökuməti, daha doğrusu Baş nazir Nikol Paşinyanla kilsə arasında bu ilin yayında başlanan anlaşılmazlıqlar fonunda bir sıra din xadimləri hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs edilib. İyun ayında bütün ermənilərin katolikosu II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması üzrə də əməliyyat keçirilmişdi.  Bundan sonra Nikol Paşinyanın katolikos II Qareginin istefa verməsini tələb edib. Hökumət din xadimlərinin siyasətə qarışmasını və bütövlükdə kilsədə baş verənləri hakimiyyətin zorla ələ keçirilməsi və  Rusiyanın Ermənistandakı maraqlarının qorunmasına cəhd kimi xarakterizə edir.

Yerli mətbuatın yazdığına görə, din xadimlərinin siyasətə qarşışmasından sonra baş verənlər Ermənistanda kilsənin ictimai nüfuzuna ciddi zərbələr vurub. Bu ilin may ayından bəri təhlükəsilik qüvvələri Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan da daxil olmaqla 13 din xadimini saxlayıb. Həmçinin biri yepiskop olmaqla üç nəfər barəsində cinayət işi başlanıb. Onlara vətəndaşları ictimai toplantılarda iştirak etməyə məcbur etmə ittihamı ilə yanaşı, "Etibardan sui-istifadə etməklə özgənin əmlakını mənimsəmə, külli miqdarda və vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə" və "Vəzifə mövqeyindən istifadə etməklə seçki hüquqlarının həyata keçirilməsinə mane olma" maddələri ilə ittiham irəli sürülüb. Bildirilir ki, hakimiyyət-kilsə qarşıdurması din xadimlərinin fəaliyyətini və bütün yeparxiyanı iflic vəziyyətə salıb. Kilsələrin yerləşdiyi ərazilərdə torpaq üzərində mülkiyyət hüququnun ləğvi barədə qanunvericiliyə edilən dəyişiklik isə Ermənistanda rəsmi dini qurum kimi fəaliyyət göstərən Erməni Apastol Kilsəsinin əvvəlki güc və nüfuzunu bir daha bərpa edə bilməyəcəyinə ciddi əsaslar yaradır.

Elxan SALAHOV

Oxşar xəbərlər