21.11.2024, 20:22
AZ EN
27.04.2023, 19:24 303

Laçındakı nəzarət-buraxılış məntəqəsi sülhün yaradılması üçün əsas mexanizm olacaq

XƏBƏRLƏR
  • Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan dövlətinin prinsipiallığının və qətiyyətinin daha bir sübutu oldu. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində regionda yaranan yeni reallıqlar kontekstində humanizm prinsiplərini əsas götürərək Xankəndidə yaşayan erməni əsilli vətəndaşların inteqrasiyasına səy göstərir. Amma təəssüf ki, dövlətimizin xoşniyyətli mövqeyi düzgün başa düşülmür. Hətta bəzi qonşu dövlətlər müxtəlif formada “Dəmir yumruq” əməliyyatı sayəsində həll olunmuş məsələni yenidən “alışdırmağa”, Azərbaycana güc nümayiş etdirmək və ermənilərə dəstək göstərmək məqsədilə müxtəlif tədbirlərə əl atıblar.

Bu sözləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti nəticəsində beynəlxalq müstəvidə və regional miqyasda belə çirkin oyunlar iflasa uğramaqdadır. Laçın ətrafında baş verən prosesləri tarixi ardıcıllıqla izləsək, mövcud təzyiqlərin və Azərbaycanın sərt mövqeyinin şahidi oluruq. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlarda Ermənistanın dəhlizin 20 kilometr enində və öz nəzarətində olmasını təkid etməsi ermənilərin məqsədli formada bu yolu əlaqə vasitəsi kimi deyil, başqa məqsədlər üçün istifadə etmək fikrində olduqlarını sübut edir. Həmin dövrdə Prezident İlham Əliyevin sərt və barışmaz mövqeyi, dəhlizin 5 kilometr müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli Bəyanatda əksini tapması ölkəmizin beynəlxalq hüquqa əsaslanan düşünülmüş strategiyasının olduğunu göstərirdi. 2022-ci ilin sentyabrında Laçının mərkəzinin döyüşsüz və heç bir itkisiz Azərbaycanın nəzarətinə keçməsi, yeni yolun ilyarıma istifadəyə verilməsi və digər nəticələr düşünülmüş strategiyanın sübutudur.

C.Hüseynzadə bildirib ki, ermənilərin Laçın yolu ilə Qarabağa silah-sursat daşımaları, burada hərbi kontingent formalaşdırmağa cəhd göstərmələri kimi amillər Azərbaycanın daha ciddi addımlar atmasını sürətləndirdi. Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratması bir daha sübut etdi ki, hər hansı xarici qüvvələrin müxtəlif təzyiq metodu olsa da, dövlətimizin başçısı yeni yaranmış situasiyada belə qətiyyətli addımlar ataraq ölkənin milli maraqlarını ən yüksək səviyyədə qoruyur. “Hesab edirəm ki, nəzarət-buraxılış məntəqəsi sülhün yaradılması üçün əsas mexanizm olacaq. Çünki Ermənistandan Qarabağ bölgəsinə silah-sursatın daşınmasının qarşısını almadan sülh quruculuğundan, təhlükəsizlikdən danışmaq mümkün deyil. Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha sübut etdi”, - deyə İctimai Birliyin sədri vurğulayıb.("AZERTAC")

Oxşar xəbərlər