Ermənistan parlamentinin sabiq sədr müavini, hakimiyyət uğrunda gedən mübarizənin öncüllərindən olan Eduard Şarmazanov "Hraparak"ın əməkdaşı Koryun Simonyanın Münhen şəhərində keçirilmiş zirvə toplantısı ilə bağlı sualına cavabını baş nazir Nikol Paşinyana müraciətlə başlayaraq deyib ki, ara, Nikol, 150 kv kilometr ərazidən niyə danışmadın. Əliyevin yanında büzüşüb susdun. O, səni də, erməni xalqını da kapitulyant deyə ələ saldı, alçaltdı. "Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin, Azərbaycan Prezidenti İlham Əliyevin yanında Ermənistanın baş naziri Nikol Paşinyan çoxlarının gözünə fağır, müti görünürdü. Həmin müzakirə zamanı Əliyevin Ermənistanın və hay xalqının ünvanına səsləndirdiyi ittihamların çoxu cavabsız qaldı... Halbuki Ermənistan Azərbaycana qarşı daha çox ittiham irəli sürə bilərdi", -deyə o, həmin görüşü həyasızcasına futbol oyununa bənzədib və bildirib ki, Ermənistan 10:1 hesabı ilə uduzur, biz isə sevinirik ki, bizimkilər heç olmasa bir qol vurub. "Ermənistan hakimiyyəti heç vaxt belə faciəli, belə biabırçı, belə gülünc olmamışdı"- deyəndən sonra Paşinyan haqqında daha da alçaldıcı ifadələr səsləndirən E.Şarmazanov onu həm də ingilis dili üzrə savadsız adlandırıb.
Xatırladaq ki, anası rus olan və Boronejdə doğulan E.Şarmazanov bir il Qərbi Azərbaycandakı Qaraqoyunlu bölgəsinin Çaykənd kəndində rus dili müəllimi, sonra rayon komsomol komitəsinin katibi, maarif şöbəsinin müdiri, 1988-ci ilin noyabrından SSRİ süqut edənədək rayon partiya komitəsinin 2-ci katibi işləyən Libarit Şarmazanyanın böyük oğludur.
N.Qaramanlı