Yanvarın 19-da yatdıqları çarpayıda yanıb gəbərən erməni əsgər Aram Manukyanın atası Artyom Qriqoryan yanvarın 26-da istintaq komitəsinin həyətində «Hraparak»ın əməkdaşına müsahibə verib. O, bildirib ki, oğlunun xidmət etdiyi hərbi hissə 44 günlük müharibədən sonra Göyçənin Azad kəndinə yerləşdirilib. Onlardan bir qədər aralıda isə Azərbaycan ordusunun əsgərləri mövqe tutub. A.Qriqoryan hakimiyyəti və müdafiə nazirliyini ciddi tənqid edərək vurğulayıb ki, orduda hərc-mərclik daim olub, son vaxtlar isə bu özünün pik nöqtəsinə çatıb. Azad kəndində yerləşən mühəndis-istehkam bölüyünün əsgərlərinin vaxtilə pul yığaraq oraya su çəkdiklərini dəqiq bildiyini açıqlayan A.Qriqoryan onu da deyib ki, baş nazir Paşinyan su qabı ilə benzin qabını ayıra bilmir. Ona görə də o, ötən həftəki hökumət iclasında deyib ki, yanan yerə su əvəzinə benzin töküldüyünə görə alov daha da şiddətlənib.
Həmin əsgərlərin qəsdən öldürüldüyünü və sonra isə yataqxana adlandırılan evə benzin səpilib od vurulduğunu təsdiqləyən faktlar olduğunu diqqətə çatdıran erməni valideyn ayrı-ayrı zabitlərin deyil, müdafiə naziri Suren Papikyanın da məsuliyyətə cəlb olunması üçün fəaliyyətlərini davam etdirəcəyinə söz verib. O, bildirib ki, əgər Ermənistan hakimiyyəti olay barədə valideynləri razı salan tədbirlər görməsə, Avropa məhkəməsinə müraciət edəcəklər. Övladının dəfn mərasiminin təşkili üçün hökumətdən ayrılan pulu almaq istəmədiyən Artyom Qriqoryan xüsusi vurğulayıb ki, onları türklər döyüş meydanında öldürsəydi, bizə bu qədər təsir etməzdi. “Həmin əsgərləri öz ermənilərimiz öldürüb, bu isə orduda «bardaq» olduğunu təsdiqləyir. Hakimiyyət bəzən islahatlar aparılmasını, haralardansa silah-sursat alınmasını desə də, fakt faktlığında qalır”, - deyən erməni valideyn sonra əlavə edib ki, Ermənistan ordusu heç bir döyüş qabiliyyətinə malik deyil və o dağılmaq üzrədir.
N. QARAMANLI