Yanvarın 19-da Göyçənin sovet dövründə tarixi adı dəyişdirilərək Azad edilən kəndində yerləşən hərbi hissədə baş vermiş yanğın hadisəsi zamanı 15 erməni əsgərinin yanaraq nəşlərinin tanınmaz hala düşməsi müxtəlif mövzulara səbəb olub. "Fakt" qəzetində ayın 26-da dərc olunmuş "Şefdən uzaqlaşdırmaq məsuliyyəti" başlıqlı məqalədə qeyd olunur ki, müdafiə naziri Suren Papikyanla hakimiyyətin "Vətəndaş müqaviləsi" fraksiyasının 20 üzvü ilə S.Papikyanın parlamentin binasında qapalı görüşü keçirilib və deputatlar partiya yoldaşı kimi səmimi müzakirə zamanı açıqlayıblar ki, təkcə külə dönən əsgərlərin doğmaları deyil, həm də "şef", yəni N.Paşinyan orduda baş verənlərə görə müdafiə nazirindən narazıdır. "Əgər yaxın vaxtlarda bu sahədə ciddi dönüş yaradılmasa, S.Papikyan vəzifəsi ilə vidalaşmalı olacaq" - deyən müəllif əlavə edib ki, baş nazirin təqdimatı ilə müdafiə nazirliyinin baş qərargahının xarici kəşfiyyat idarəsinin rəisi vəzifəsinə təyin edilən peşəkar hərbçi bir qədər sonra müdafiə naziri təyin edilə bilər.
Xatırladaq ki, bu görüşlə bağlı digər yazılı və elektron kütləvi informasiya vasitələri də məlumat verib.
Nəsib Qaramanlı