"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bilditrilir ki, Ermənistan parlamentindəki hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Sərkis Xandanyan "TRIPP layihəsinin yaratdığı imkanlar" mövzusunda tələbələr qarşısında çıxış edərkən bəzi maraqlı fikirlər səsləndirib. O, deyib ki, İrəvan Türkiyə ilə sərhədlərin mümkün qədər tez açılmasını, Rusiyanın hərbi bazasının isə ölkədən tam olaraq birdəfəlik çıxarılmasını istəyir. Onun sözlərinə görə, hazırkı şəraitdə Ermənistan-Türkiyə sərhədinin açılması çox realdır: "Bu, baş verəcəyi təqdirdə Gümrü-Qars dəmir yolunun bərpa da mümkündür. Bu məsələlərdə Türkiyə tərəfi ilə danışıqlar davam edir. Artıq müəyyən irəliləyişlər də var və müzakirələr demək olar ki, başa çatmaq üzrədir".
Sərkis Xandanyan Azərbaycanla da sülh danışıqlarının gedişindən nikbinliklə bəhs edib. O, deyib ki, Bakı və İrəvan arasında sülh sazişinin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərinədək imzalanması da mümkündür: "Bir ilə yaxındır ki, sülh sazişinin mətni razılaşdırılıb, masanın üzərindədir və paraflanıb. Bəli, sazişin imzalanmasını seçkilərdən əvvəl həyata keçirmək istəyirik. Niyə də olmasın? Ermənistan hazırdır və mətnə razılıq verib, qalanı Azərbaycandan asılıdır".
Bununla belə, Xandanyan sülh sazişinin imzalanması üçün Azərbaycanın əsas şərti - Ermənistan Konstitusiyasına müvafiq dəyişikliyin edilməsi haqqında heç nə danışmayıb. Halbuki Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı tələb edir ki, sülh sazişini imzalamaq üçün həmin müddəalar Ermənistan Konstitusiyasından çıxarılmalıdır.
Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna gəlincə, Xandanyan qeyd edib ki, Ermənistan öz ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsində maraqlı deyil. Onun sözlərinə görə, ABŞ-la əməkdaşlıq imkanlarının genişlənməsi Ermənistanı təhlükəsizlik və müdafiə strategiyasına yenidən baxmağa vadar edir: "Ermənistan xüsusən sərhədlər boyunca təhlükəsizlik və müdafiə strategiyasını öz gücünə əsaslanaraq qurmağa çalışır".
Ermənistandakı hakim partiya təmsilçisinin bu fikirləri ABŞ-nin İrəvandakı müvəqqəti işlər vəkili Devid Allenin müdafiə naziri Suren Papikyanla görüşdüyü vaxta təsadüf etməsi də diqqətdən yayınmır. Həmin görüşdə Ermənistan-ABŞ hərbi əməkdaşlığının gücləndirilməsi istiqamətləri müzakirə olunub. Maraqlıdır ki, görüş barədə məlumatı İrəvan tərəf deyil, ABŞ-ın Ermənistandakı səfirliyi yayıb.
Xatırladaq ki, hazırda Rusiyanın Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazası fəaliyyət göstərir.
Elxan SALAHOV