"Vətən səsi" xəbər verir ki, Köçəryan bu gün keçirdiyi mətbuat konfransında belə bir xəbərdalıqla çıxış edib. O, “Sputnik Armenia"nın əməkdaşının sualını cavablandırarkən deyib ki, Paşinyan və onun komandası Moldova ssenarisini Ermənistanda təkrarlamağa cəhd edə bilər: "Lakin bu cür hərəkətlər, o cümlədən səslərin saxtalaşdırılması qaçılmaz olaraq inqilaba gətirib çıxaracaq. Mən şübhə etmirəm ki, hakimiyyət Moldovanın nümunəsini Ermənistana tətbiq etməyə çalışacaq. Geosiyasi maraqlar toqquşanda demokratiya unudulur - bu faktdır".
Köçəryan qeyd edib ki, Ermənistan hakimiyyəti oxşar modeli həyata keçirməyə cəhd edə bilər, lakin bunun nəticələri son dərəcə təhlükəli olacaq. Onun sözlərinə görə Ermənistandakı hakim “Mülki müqavilə” partiyası başa düşməlidir ki, seçkilər zamanı səslərin oğurlanması və ya hakimiyyətin Moldovada edilənləri etməyə hər hansı cəhdi inqilaba gətirib çıxaracaq.
Keçmiş prezident hazırkı Baş naziri Azərbaycanla sülh danışıqları məsələsində də ittiham edib. Köçəryan deyib ki, Paşinyanın sülhdən danışmağa haqqı yoxdur: "Müharibə gətirən adamın sülhdən danışması paradoksdur. Paşinyan 2018-ci ildə sülhdən danışmırdı, çünki sülh var idi, amma sülh gündəmi yox idi. Sülh olmayanda sülh gündəmi ortaya çıxır. O, Ermənistasna müharibə gətirdi və hərəkətləri ilə 5 min itki, 11 min yaralı ilə bir sülh gündəmi yaratdı. Absurd odur ki, o, bu gündəmi təkbaşına yazmağa çalışır”.